"Qarabağ" mövsümün ən böyük hesablı qalibiyyətini qazandı

Qarabağ mövsümün ən böyük hesablı qalibiyyətini qazandı
İdman 129

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, çempionatın lideri "Qarabağ" "Şamaxı" klubunu qəbul edib. "Azersun Arena"dakı qarşılaşma "köhlən atlar"ın 8:0 hesablı qələbəsi ilə başa çatıb. Bu, hələlik cari mövsümün ən böyük hesablı qalibiyyəti olub.

Meydan sahibləri görüşə erkən qolla başlayıb. İbrahima Vadji 8-ci dəqiqədə adını tabloya yazdırıb. Seneqallı hücumçu cəmi 8 dəqiqə sonra dubl edib. Ardınca Filip Ozobiç səhnəyə çıxıb. 20 və 21-ci dəqiqələrdə fərqlənən xorvatiyalı yarımmüdafiəçi fərqi artırıb. Ozobiç qollarının sayını 10-a çatdırıraq bombardirlik yarışında "Zirə"nin gürcüstanlı hücumçusu Davit Volkova çatıb. 30-cu dəqiqədə Vadji het-trikini rəsmiləşdirib. 38-ci dəqiqədə Marko Veşoviç 6-cı topu qonaqların qapısından keçirib. İlk hissənin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə Kadi Borges Ağdam klubunun 7-ci qoluna imza atıb. Oyunda son nöqtəni isə Musa Qurbanlı qoyub. İkinci yarıda meydana daxil olan 20 yaşlı forvard 49-cu dəqiqədə yekun hesabı müəyyənləşdirib.

Bu qələbədən sonra xallarını 55-ə çatdıran "Qarabağ" liderliyini möhkəmləndirib. 20 xalı olan "Şamaxı" isə 6-cı sırada qərarlaşıb.

Qeyd edək ki, günün ilk oyununda "Qəbələ" evdə "Sumqayıt"la heç-heçə edib. Tura aprelin 16-da keçiriləcək "Zirə" - "Səbail" və "Neftçi" - "Sabah" matçları ilə yekun vurulacaq.

Son xəbərlər