"Qarabağ"ın zədəli futbolçularının son vəziyyəti necədir?
Heyətində yeniliklər edən "Qarabağ" klubunun iki futbolçusu barədə xəbər var.
BAKU.WS Qol.az-a istindən xəbər verir ki, Ağdam təmsilçisinin yeni transferi, hücumçu Zakaria Savo artıq komanda ilə birlikdə məşqlərə start verib.
Xatırladaq ki, qambiyalı legioner iyulun 30-da UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Sofiyada Bolqarıstanın MOİK klubu ilə keçirilən cavab qarşılaşmasında zədələnərək komandasının bir sıra həlledici oyunlarını buraxmaq məcburiyyətində qalmışdı.
Təqribən beş həftə davam edən fasilənin ardınca Savo nəhayət ki, hazırlıq prosesinə qayıdıb. Futbolçu fiziki cəhətdən hələ tam forma yığmadığı üçün Misli Premyer Liqasının 4-cü turunda "Araz Naxçıvan"a qarşı keçirilən son matçın iştirakçıları sırasında yer almayıb. Bununla belə, hücumçunun sentyabrın 13-də "Zirə"yə qarşı baş tutacaq 5-ci turun oyununda iştirak ərizəsinə daxil edilməsi istisna olunmur.
"Qarabağ"ın azarkeşlərini narahat edəcək digər məlumat isə Bəhlul Mustafazadənin səhhəti ilə əlaqədardır.
Cari ilin fevral ayında aldığı ağır zədə səbəbindən altı ay futboldan uzaq düşən 27 yaşlı mərkəz müdafiəçisinin yenidən yaşıl meydanları tərk etmək təhlükəsi var. Məlumata görə, futbolçunun ayağının əməliyyat olunmuş nahiyəsində yenidən fəsadlar özünü göstərib. Dəqiq müayinə məqsədilə onun bir daha xaricə göndərilməsi ehtimal olunur ki, bu halda Mustafazadə növbəti bir neçə qarşılaşmada komandasına dəstək ola bilməyəcək.
Məlumat üçün bildirək ki, B.Mustafazadə cari mövsüm ərzində yalnız bir dəfə - çempionatın 1-ci turunda "Şamaxı" ilə keçirilən matçda forma geyinmək şansı qazanıb.
Oxşar xəbərlər
Canni İnfantino yenidən FIFA prezidentliyinə namizəd olacaq
Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti Canni İnfantino 2027-ci ilin martında keçiriləcək seçkilərdə yenidən namizədliyini irəli sürəcək. BAKU.WS xə...