Oyan Nəzəriani: "Beynəlxalq turnirin ölkəmizdə təşkili çimərlik güləşinin inkişafına töhfə verəcək"

Oyan Nəzəriani: Beynəlxalq turnirin ölkəmizdə təşkili çimərlik güləşinin inkişafına töhfə verəcək
İdman 13

Çimərlik güləçi üzrə Azərbaycan millisinin baş məşqçisi Oyan Nəzəriani bu ay Bakıda keçiriləcək yarışlarla bağlı fikirlərini bölüşüb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, mütəxəssis hazırlıq prosesinin intensiv şəkildə davam etdiyini bildirib.

O, avqustun 16-da sonuncu təlim-məşq toplanışına start verdiklərini söyləyib:

"Qeyd etmək istəyirəm ki, bu, çimərlik güləşində bir ilk olacaq. Digər təlim-məşq toplanışlarından fərqli olaraq, bu dəfə hazırlıq prosesində yerli idmançılarla yanaşı, xarici güləşçilər də iştirak edəcəklər. Toplanış yarış gününə qədər davam edəcək və 6-dan çox ölkədən idmançılar orada yer alacaq. Ümid edirik ki, bu hazırlıq bizim üçün faydalı və məhsuldar olacaq".

Nəzəriani heyət seçiminin artıq yekunlaşdığını və güləşçilərin müəyyən meyarlar əsasında müəyyənləşdirildiyini söyləyib:

"Bəli, heyətimiz artıq müəyyənləşib. Heyətin formalaşdırılmasında ölkə çempionatının nəticələri, təlim-məşq toplanışları zamanı idmançıların ümumi hazırlıq səviyyəsi, eləcə də yoxlama görüşlərindəki çıxışları nəzərə alınıb. Çalışmışıq ki, yarış üçün ən güclü və ən layiqli idmançıları seçək. Təbii ki, heyətə düşə bilməyən güləşçilərimiz də digərlərindən heç də geri qalmırlar. Sadəcə, hər yarışın öz prioritetləri var. Hazırkı mərhələdə daha hazırlıqlı və daha güclü olan idmançılara üstünlük verməyə çalışmışıq".

Baş məşqçi yarışın Bakıda keçirilməsinin həm təşkilati, həm də idmançıların fiziki və psixoloji hazırlığı baxımından mühüm sınaq olacağını qeyd edib:

"Qeyd etdiyiniz kimi, yarış doğma Bakıda keçiriləcək. Ölkəmizin bu yarışa ev sahibliyi etməsi çimərlik güləşi baxımından bizim üçün bir ilkdir. Bu səbəbdən tədbir həm təşkilati baxımdan, həm də güləşçilərin fiziki və psixoloji hazırlığı baxımından mühüm sınaq olacaq. Azərbaycan çimərlik güləşi üzrə dünyada qabaqcıl ölkələrdən biri sayılır. Demək olar ki, hər il yaxşı nəticələr əldə edirik. İnanırıq ki, bu yarışda da güləşçilərimiz uğurlu çıxış edəcəklər. Əsas məqsədimiz yüksək hazırlıq səviyyəmizə və özümüzə olan inamımıza söykənərək "doğma divarlar" arasında yaxşı nəticələr qazanmaqdır. İdmançılarımızla bu istiqamətdə söhbətlər aparır, onların yarışa həm fiziki, həm də psixoloji baxımdan tam hazır olmalarına çalışırıq".

O, yarışın Azərbaycanda keçirilməsinin çimərlik güləşinin inkişafına və kütləviləşməsinə töhfə verəcəyini vurğulayıb:

"Turnirin ölkəmizdə keçirilməsi çimərlik güləşinin inkişafına və kütləviləşməsinə mühüm töhfə verəcək. Artıq günü-gündən bu güləş növünə marağın artdığını görürük. Həm valideynlər, həm klublarda, həm də bölgələrdə fəaliyyət göstərən məşqçilər çimərlik güləşinin qaydaları və məşq sistemi ilə maraqlanırlar. Bu da onu göstərir ki, çimərlik güləşi ölkəmizdə getdikcə kütləviləşir. Əminik ki, belə mötəbər yarışın Azərbaycanda keçirilməsi bu növün inkişafına və daha çox insanın çimərlik güləşinə maraq göstərməsinə xüsusi təkan verəcək".

Nəzəriani yarışda 4 qitədən idmançıların iştirak edəcəyini, konkret rəqib seçmədiklərini və bütün görüşlərə eyni ciddiyyətlə yanaşacaqlarını bildirib:

"Bu yarışda 4 qitədən idmançılar iştirak edəcək və kifayət qədər güclü ölkələrin nümayəndələri mübarizə aparacaqlar. Lakin konkret olaraq hansısa ölkənin və ya idmançının adını çəkmək istəmirəm. Bizim komandanın fəlsəfəsi ondan ibarətdir ki, istənilən rəqibə qarşı ciddi hazırlaşırıq və hər bir rəqibə eyni dərəcədə hörmətlə yanaşırıq. Bizim üçün qarşıdakı ilk rəqib ən ciddi rəqibdir. Buna görə də hər görüşə maksimum konsentrasiya ilə yanaşacağıq."

Sonda baş məşqçi azarkeşlərə müraciət edərək onları milli komandaya dəstək olmağa çağırıb:

"Azarkeşlərimizdən bizi bu yarışda tək qoymamalarını xahiş edirəm. Doğma Bakıda, öz tamaşaçılarımızın qarşısında mübarizə aparmaq bizim üçün böyük motivasiyadır. Onların tribunadakı dəstəyi güləşçilərimizə əlavə güc və inam verəcək. İnanıram ki, birlikdə gözəl nəticələr qazana bilərik. Bütün azarkeşlərimizi yarışa dəvət edir və milli komandamıza dəstək olmağa çağırıram. İnşallah, onların qarşısında layiqli çıxış edib Azərbaycanımızı sevindirəcəyik".

Qeyd edək ki, yeniyetmələr arasında dünya çempionatı 27 avqustda, böyüklər arasında Dünya Seriyasının IV mərhələsi isə 28-29 avqustda "Sea Breeze" istirahət mərkəzində keçiriləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər