"Neftçi"nin baş məşqçisi Siyasət Əsgərov: "PAOK-la oyuna maksimum nəticə üçün çıxacağıq"

Neftçinin baş məşqçisi Siyasət Əsgərov: PAOK-la oyuna maksimum nəticə üçün çıxacağıq
İdman 74

UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünə qələbə ilə başlayan "Neftçi"nin qadın futbolçulardan ibarət komandasının növbəti hədəfi Yunanıstanda PAOK-u məğlub etməkdir.

BAKU.WS xəbər verir ki, bunu report-a açıqlamasında kollektivin baş məşqçisi Siyasət Əsgərov deyib.

Mütəxəssis ilk təsnifat mərhələsində penaltilər seriyasında məğlub etdikləri (4:3) Monteneqronun "Buduçnost" klubu ilə oyun barədə də danışıb:

"Rəqibin son 3 oyununu təhlil etmişdik. Təlim-məşq toplanışında sırf onların oyun sisteminə uyğun plan hazırladıq və komanda da buna uyğun hazırlaşdı. Futbolçular rəqibin üstün və zəif cəhətlərini düzgün qavradılar. Çətin olacağını bilirdik. Görüşü iyulun 22-də, səhər saat 11:00-a salmışdılar. Biz ayın 21-də Yunanıstana çatdıq və yüngül məşq etməli olduq. Qaldığımız məkanla stadion arasında 1 saatlıq yol var idi. Buna görə komanda çox tez oyanmalı idi. Hazırlıq prosesində məşqlərimizi oyun saatına uyğunlaşdırırdıq".

S.Əsgərov havanın isti olmasının çətinlik yaratdığını vurğulayıb:

"Havanın həddən artıq isti olması problem yaratdı. Həm yorğunluq var idi, həm də istiyə görə oyun zamanı çətinliklərimiz oldu. Amma bu bəhanə deyil, çünki rəqib üçün də şərtlər eyni idi. Ümumilikdə heyət yaxşı oynadı. Oyunda yüzfaizlik qol imkanları yaxaladıq. Sonda matçı əlavə vaxta gətirib çıxardıq. Burada da istədiyimiz qolu vura bilmədik və oyunun taleyi penaltilər seriyasında həll olundu. Qapıçımız, həmçinin zərbəni yerinə yetirən futbolçularımız böyük əzm nümayiş etdirdilər və yekunda qələbə qazanan tərəf olduq".

O, iyulun 25-də keçiriləcək növbəti qarşılaşma haqqında da fikir bildirib:

"Növbəti oyunda Yunanıstanın PAOK klubu ilə üz-üzə gələcəyik. Rəqibin oyunlarına baxmışıq, keyfiyyətli komandadır. Çətin olacağını bilirik, lakin yüksək səviyyədə hazırlaşırıq. Tarix yazaraq qələbə ilə başlamışıq və istəyirik ki, qrupdan çıxıb digər mərhələyə adlayaq. Rəqib güclüdür, doğma meydanda və dolu tribunalar qarşısında oynayacaq. Bütün bunlara baxmayaraq, maksimum nəticə üçün meydana çıxacağıq".

Qeyd edək ki, "Neftçi" Yunanıstanda növbəti matçını iyulun 25-də PAOK-a qarşı keçirəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər