Natiq Bağırov: "Avropa Cüdo Ümidləri Turnirində yer alan idmançılar gələcəkdə Olimpiya mükafatçısı ola biləcəklərinə inanırlar"
Avropa Cüdo Ümidləri Turnirində yer alan idmançılar gələcəkdə Olimpiya mükafatçısı ola biləcəklərinə inanırlar.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyası prezidentinin müşaviri Natiq Bağırov jurnalistlərə açıqlamasında deyib.
O, Avropa Cüdo Ümidləri Turnirinin gənc cüdoçuların beynəlxalq təcrübə qazanması, texniki bacarıqlarını artırması və gələcək uğurlara motivasiya əldə etməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb:
"Bu turnirin çox böyük əhəmiyyəti var. İlk növbədə, gənc cüdoçular burada beynəlxalq təcrübələrini qazanırlar. Sevindirici haldır ki, ötən il bu yarışın qaliblərindən biri sonradan yeniyetmələr arasında Avropa çempionatında gümüş medal əldə etdi. Həmçinin Avropadan gələn ekspertlər idmançılarımıza yeni fəndlər öyrədirlər. Gənclər məşhur idmançılarla ünsiyyət qurur, onlardan motivasiya alır və gələcəkdə Avropa, dünya çempionu, eləcə də Olimpiya mükafatçısı ola biləcəklərinə inanırlar".
N.Bağırov gələcək illərdə iştirakçı ölkələrin sayının artacağına inandığını söyləyib:
"Xarici idmançılar kifayət qədər güclüdürlər və onların əsl səviyyəsini tatami üzərindəki mübarizə göstərəcək. Bildiyiniz kimi, Avropa çempionatları U-17 və U-21 yaş kateqoriyalarında keçirilir. Düşünürəm ki, növbəti 1-2 il ərzində cüdoçularımızdan daha böyük uğurlar gözləmək mümkündür".
Qeyd edək ki, Avropa Cüdo Birliyi (EJU) və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində keçirilən yarışda 10 ölkədən 81 klubun 289 yeniyetmə cüdoçusu mübarizə aparır.
Avropa Cüdo Ümidləri Turniri Avropa Cüdo Birliyinin yeniyetmə cüdoçuların inkişafına yönəlmiş ən mühüm layihələrindən biridir. Yarış beynəlxalq təcrübənin artırılması, müxtəlif cüdo məktəbləri arasında əlaqələrin möhkəmləndirilməsi və gələcəyin perspektivli idmançılarının yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Oxşar xəbərlər
CSKA-"Qarabağ" matçını stadionda izləmək istəyənlərin nəzərinə!
CSKA (Sofiya, Bolqarıstan) - "Qarabağ" FK oyunu üçün vauçerlər bu gün satışda olacaq. BAKU.WS xəbər verir ki, bu barədə Ağdam klubu paylaşım edib. UEFA Avropa L...