Merab Dvalişvili: "Gələcəkdə Azərbaycandan da UFC çempionu çıxacaq"

"UFC-nin Bakı gecəsinə Gürcüstanda maraq böyükdür. Mən bura gələndə nə Batumidə, nə də Tbilisidə Bakıya biletlər qalmışdı".
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bunu Bakıda keçiriləcək Mütləq Döyüş Çempionatı (UFC) turnirinin ulduz qonağı, superyüngül çəki dərəcəsində UFC çempionu, gürcü döyüşçü Merab Dvalişvili brifinqdə deyib.
Məşhur gürcü döyüşçü Bakıdakı gecənin əsas döyüşündə kimin favorit olduğunu deməkdə çətinlik çəkdiyini qeyd edib.
"Camal Hill ilə dostam, Xalil Rauntri ilə də bir zalda məşq edirik, dostluq edirəm. Hill keçmiş çempiondur, Rauntri isə titul uğrunda döyüşən idmançıdır. Hər ikisi son döyüşünü çox əla keçirdi. Mən bu cütlüklə bağlı kimin qalib gələcəyinə dair proqnoz verə bilmərəm", - deyə M.Dvalişvili bildirib.
Merab bir azərbaycanlı idmançının onun uğurunu təkrarlamaq üçün neçə ilin lazım olduğu ilə bağlı sualı cavablandırmaqda çətinlik çəkib:
"Çətin sualdır. Azərbaycanda xeyli sayda güclü döyüşçülər var və iyunun 21-də baş tutacaq turnirdə üç azərbaycanlı mübarizə aparacaq. Bu artıq Azərbaycan üçün böyük bir hadisədir. Biz Gürcüstana da UFC-ni gətirmək istəyirdik, ancaq bu, çətin oldu, alınmadı. Azərbaycandan kənarda əslən azərbaycanlı olan döyüşçülər var və onlar da Azərbaycanı təmsil edirlər. Düşünürəm ki, gələcəkdə Azərbaycandan da UFC çempionu çıxacaq".
Qeyd edək ki, "UFC Fight Night" iyunun 21-də "Baku Crystall Hall"da baş tutacaq. Gecənin əsas qarşılaşması keçmiş UFC yarımağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xalil Rauntri arasında olacaq. Həmin gecənin ikinci ən vacib döyüşü isə həmyerlimiz Rafael Fiziyev ilə Çili təmsilçisi İqnasio Baxamondes arasında yüngül çəkidə keçiriləcək.
Turnir çərçivəsində, həmçinin Azərbaycan təmsilçiləri Nazim Sadıxov və Tofiq Musayev də oktaqona çıxacaqlar. Onların rəqibləri isə müvafiq olaraq braziliyalı Nikolas Motta və qırğızıstanlı Mıqtıbek Orolbay olacaq.
Oxşar xəbərlər
Qurban Qurbanov: "UFC turnirində olacam və hər kəsi döyüşçülərimizi dəstəkləməyə çağırıram"
"Bakıda keçiriləcək UFC turnirində olacam və hər kəsi döyüşçülərimizi dəstəkləməyə çağırıram". BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Qarabağ" fu...
