Lamiyə Vəliyevanın həyat yoldaşı Azərbaycanı təmsil etmək istəyir

Lamiyə Vəliyevanın həyat yoldaşı Azərbaycanı təmsil etmək istəyir
İdman 236

Dördqat dünya və ikiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva və onun Cənubi Afrikadan olan həyat yoldaşı Tembo Con Monarenq ilk dəfə mətbuata açıqlama veriblər.

BAKU.WS xəbər verir ki, cütlük tanışlıq hekayələrini "AStar TV"yə danışıb.

Lamiyə 2023-cü ildə Çində keçirilən Ümumdünya Universiada Oyunlarında Tembo ilə tanış olduğunu bildirib:

"Atama deyəndə fikir edirdim ki, görəsən nə deyəcək. Amma yaxşı qəbul etdi. Söylədi ki, əsas odur, yaxşı insan olsun və evlənməyə bir şərtlə razılıq verdi ki, mən Bakıda qalacağam. Tembo Con mənə görə burada daimi yaşamağa qərar verdi. Bu, çox böyük addım idi. Çünki o öz ailəsini, vətənini qoyub Azərbaycana gəldi. Azərbaycan dilini öyrənir. Birlikdə məşq edirik. Ailəmlə, məşq yoldaşlarımla daim ünsiyyətdədir. Ona görə dili asanlıqla öyrənir, çox sözləri də başa düşür".

Tembo Con Monarenq 6 aydır ki, Azərbaycanda yaşayır. Ötən il rəsmi nikaha girən cütlüyün toyu avqustda baş tutacaq.

"Videozəng vasitəsilə ailələrimiz danışıb. Anası da, bacısı da məni çox istəyirlər. Avqust ayında toya görə bacısı Bakıya gələcək. Cənubi Afrikada da toy olacaq, çünki məsafə çox olduğu üçün onun bütün ailə üzvləri Bakıya gələ bilmirlər", - deyə L.Vəliyeva bildirib.

Paraatletimiz həyat yoldaşının Azərbaycanı yarışlarda təmsil etmək istədiyini, ancaq bu istiqamətdə çətinliklərin olduğunu açıqlayıb:

"Tembo atletdir, idman sahəsində uğurları çoxdur. Onun çox böyük potensialı var, sadəcə dəstək olmaq lazımdır. Hazırda bu istiqamətdə çətinliklər var. Dəfələrlə müraciət etmişəm. Amma qarışıqlıq var. Azərbaycan Atletika Federasiyasına ilk olaraq müraciət etdik, onlar bizə həqiqətən də dəstək oldular. Amma əsas Gənclər və İdman Nazirliyindən bu kömək gəlməlidir. Biz hazırda nazirlikdən dəstək gözləyirik. Hansı yarışa hazırlaşdığını bilməsə də, birlikdə güclü məşq edirik. İnanıram ki, həyat yoldaşım Azərbaycan xalqına çox böyük nailiyyətlər gətirə bilər".

Tembo Con Monarenq də bildirib ki, yarışlara qatılıb Azərbaycanı təmsil etmək və bayrağımızı ucaltmaq istəyir. O, hazırda məşqləri ilə yanaşı, kursların birində ingilis dilini tədris edir.//Oxu.az

Son xəbərlər