Florentino Peres: Neqreyra işi futbolda ən ciddi qalmaqaldır

Florentino Peres: Neqreyra işi futbolda ən ciddi qalmaqaldır
İdman 29

Madrid "Real"ının prezidenti Florentino Peres Neqreyra işi ilə bağlı açıqlama verib.

BAKU.WS-in məlumatına görə, klub prezidenti qeyd edib ki, "Real"ın əsas problemi hakimliklə bağlı vəziyyətdir:

"Sizin də çox yaxşı bildiyiniz kimi, Neqreyra işi ilə əlaqədar təxminən iki onillik ərzində formalaşmış son dərəcə ciddi vəziyyət ədalətli qərar tələb edir. Tamamilə anlaşılmazdır ki, rəhbərlik bizi bu mübarizədə tək buraxıb. Hakimlər assosiasiyasının prezidentinin bizdən bunu unutmağımızı xahiş etməsi necə mümkün ola bilər? Futbol tarixindəki ən böyük qalmaqalı necə unutmaq olar? İspaniya Kral Futbol Federasiyası (RFEF) və La Liqa necə belə davrana bilər? Onlar ədaləti təmin etməyə borcludurlar.

Neqreyra işi müasir futbolda ən ciddi qalmaqaldır. Biz bilirik ki, hakimlərlə bağlı texniki rəylər üçün 8 milyon avrodan çox vəsait ödənilib. Üstəlik, məşqçilər bu hesabatları ümumiyyətlə almayıblar. Məşqçilərin mövcudluğundan belə xəbərsiz olduqları bu rəylərə görə pul ödənildiyinə kim inana bilər? Bu, radikal dəyişikliklərə ehtiyac olduğunu açıq şəkildə göstərir.

"Alaves" - "Real" Madrid (1:2) oyununu bizi Kubok finalı ərəfəsində klubumuza qarşı tədbir görəcəyi ilə hədələyən hakim idarə etdi [VAR-da çalışan Qonsales Fuertes]. Görünür, Vinisius və Rodriqoya qarşı edilən qayda pozuntuları penalti kimi qiymətləndirilmədi. Bu isə həmin mövsüm üçün yenilikdir".

Florentino Peres əlavə edib ki, bəzi klubların Neqreyra işi səbəbindən ali liqanı tərk etmək məcburiyyətində qalması mümkün ola bilər:

"Futbolumuz zərər görüb və ədalət bərpa olunmalıdır. Unutmayın ki, bu iş üzrə istintaq aparan hakim bunu sistemli korrupsiya adlandırıb. "Barselona" isə bu ödənişlərin edildiyini etiraf edib və bunu "uyğun olduğu üçün"etdiklərini bildirib. Niyə? Nə üçün? Madrid mübarizəni davam etdirəcək və siz – media – bu məsələdə əsas rol oynayırsınız".

Xatırladaq ki, 2023-cü ildə "Barselona" klubuna Neqreyra ilə bağlı ödənişlərə görə rüşvət ittihamı irəli sürülüb. Neqreyra İspaniya Kral Futbol Federasiyasında (RFEF) vəzifə tutub. Kataloniya klubunun 2001–2018-ci illər ərzində ona təxminən 8,4 milyon avro ödədiyi iddia olunur.

"Barselona"nın versiyasına görə, Neqreyra hakimliklə bağlı texniki hesabatların hazırlanması üçün kənar məsləhətçi kimi cəlb edilib. Hakimlər Texniki Komitəsinin (CTA) keçmiş vitse-prezidenti isə hakimlərə təsir göstərmək məqsədilə rüşvət aldığını inkar edir.

Son xəbərlər