Əfsanəvi Kinin çalışdırdığı "köhnə tanış" - 52 milyon dəyəri olan "Ferentsvaroş"u tanıyaq

Əfsanəvi Kinin çalışdırdığı köhnə tanış - 52 milyon dəyəri olan Ferentsvaroşu tanıyaq
Foto
İdman 210

Xəbər verdiyimiz kimi, "Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində rəqibi Macarıstanın ən köklü və titullu klubu olan "Ferentsvaroş" olub.

BAKU.WS rəqib haqqında maraqlı məlumatları təqdim edir:

Tam adı "Ferencvárosi Torna Club" olan komanda 3 may 1899-cu ildə Budapeştdə təsis olunub.

Komandanın ev oyunları 23 700 tamaşaçı tutumuna malik Groupama Arenada keçirilir. "Fradi" azarkeşləri Macarıstanda ən sadiq və emosional fan qruplarından biri kimi tanınır.

"Ferentsvaroş" Macarıstan futbol tarixinin ən uğurlu klubudur. Yerli çempionatda 36 dəfə qızıl medal qazanaraq rekordçudur. Klub həmçinin 24 dəfə ölkə kubokunu qazanıb və beynəlxalq arenada UEFA turnirlərində müntəzəm iştirak edir.

Məşhur Transfermarkt portalına görə, klubun hazırkı dəyəri 52.95 milyon avrodur. Heyəti 39 futbolçudan formalaşıb və onlardan 14-ü millilərdə çıxış edir. Komanda 2024/25 mövsümündə Macarıstan çempionu olub. 

Yanvar 2025-də baş məşqçi postuna gətirilən irlandiyalı əfsanəvi futbolçu Robbie Kin az vaxtda böyük uğur əldə edib. Onun rəhbərliyi altında "Ferentsvaroş" UEFA Çempionlar Liqası təsnifat mərhələsində Bolqarıstanın "Ludogorets" klubunu 3:0 hesabı ilə məğlub edərək play-off-a yüksəlib. Burada isə rəqib təmsilçimiz "Qarabağ"dır.

"Köhlən atlar" daha əvvəl 2022-2023 futbol mövsümündə "Ferentsvaroş"la sınaqdan üzü ağ çıxıb. Belə ki, Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan ilk oyunda tərəflər 1:1 hesablı heç-heçə etsə də, Macarıstanda keçirilən cavab oyununda Ağdamlılar 1:3 hesablı parlaq qələbəyə imza atmışdı.

Heyətinə keçid alsaq burada mərkəz yarımmüdafiəçisi Məhəmməd Əbu Faninin adını xüsusi vurğulamaq lazımdır. Onun hazırkı transfer dəyəri 4.5 milyon avrodur.  Siyahıda onu 3.5 milyon avro ilə sağ cinah müdafiəçisi Adama Traore, 3 milyon avro ilə mərkəz müdafiəçisi İbrahim Cisse və 2.2 milyon avro ilə mərkəz hücumçusu Barnabas Varga izləyir.

Xatırladaq ki, "Ferentsvaroş" yalnız futbol yox, həm də su polosu, üzgüçülük, cüdo, gimnastika kimi bir çox idman növlərində fəaliyyət göstərir.

Qeyd edək ki,  "Qarabağ"la "Ferensvaroş" arasında ilk oyun avqustun 19-da, cavab qarşılaşması 27-də keçiriləcək. Komandamız ilk görüşə səfərdə çıxacaq.      

Son xəbərlər