Dünyanın ən az qiymətləndirilən futbolçusu - Valverde necə "Real"ın liderinə çevrildi?
Federiko Valverde bu gün "Real Madrid" və Uruqvay millisinin əsas simalarından biri hesab olunur.
BAKU.WS xəbər verir ki, komandada Kilian Mbappe, Vinisius Junior və Cud Bellinqem kimi ulduzlar olsa da, mütəxəssislər Valverdeni "komandanın ürəyi" adlandırır.
Son aylarda onun performansı xüsusilə diqqət çəkib. Futbolçu İspaniya çempionatında ardıcıl 3 oyunda qol vurub, Çempionlar Liqasında isə əvvəlcə "Benfika" ilə matçda iki assist edib, daha sonra "Mançester Siti" üzərində qələbədə het-trikə imza atıb.
Valverdenin uğur yolu isə heç də asan olmayıb. O, Montevideo şəhərində kasıb ailədə böyüyüb. Atası mühafizəçi, anası isə bazarda oyuncaq satıcısı işləyib. Uşaqlığında ödənişli televiziya olmadığı üçün futbol matçlarını belə izləyə bilməyib.
14 yaşında Penarol akademiyasına qəbul olunan Valverde qısa müddətdə diqqət çəkib və 17 yaşında əsas komandada debüt edib. Elə həmin dövrdə "Real Madrid" onu transfer etmək qərarına gəlib.
Maraqlıdır ki, futbolçu əvvəlcə İngiltərənin "Arsenal" klubuna keçə bilərdi, lakin ölkəni bəyənmədiyi üçün bu variantdan imtina edib.
Karyerasının əvvəlində "ulduz xəstəliyi" yaşayan Valverde sonradan bunu etiraf edib və özünü dəyişdiyini bildirib. Onun sözlərinə görə, qəfil şöhrət onu bir müddət yoldan çıxarsa da, ailəsi və yaşadığı çətinliklər onu yenidən toparlayıb.
Əsl sıçrayış isə Zinəddin Zidan dövründə baş verib. Məhz bu mərhələdən sonra Valverde "Real"ın əsas oyunçularından birinə çevrilib və komanda ilə çoxsaylı titullar qazanıb.
Bu gün o, yalnız meydandakı universallığı ilə deyil, həm də liderlik keyfiyyətləri ilə seçilir. Hətta 2025-ci ildə ilk dəfə "Real"ı kapitan kimi meydana çıxarıb.
Mütəxəssislər və futbolçular Valverdeni uzun illər "dəyəri az qiymətləndirilən oyunçu" adlandırsalar da, 2026-cı ildə göstərdiyi parlaq çıxışlardan sonra artıq onun dünya futbolunun ən yaxşı yarımmüdafiəçilərindən biri olduğu qəbul edilir.
Oxşar xəbərlər
Qurban Qurbanov: "Komandada düzgün xarakter olmasa, nəticələr də gəlməz"
Komandada düzgün xarakter olmasa, nəticələr də gəlməz. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. Təcrübəl...