DÇ-2026 ilk məşqçi qurbanlarını verdi: Artıq 7 milli komanda mütəxəssislə yollarını ayırıb

DÇ-2026 ilk məşqçi qurbanlarını verdi: Artıq 7 milli komanda mütəxəssislə yollarını ayırıb
İdman 7

2026-cı il dünya çempionatı hələ davam etsə də, turnirin ilk ciddi nəticələrindən biri məşqçi istefaları olub.

BAKU.WS-in məlumatına görə, qrup mərhələsi və 1/16 finaldan sonra artıq yeddi milli komanda baş məşqçisi vəzifəsini tərk edib.

Futbol ictimaiyyəti hesab edir ki, mundial başa çatana qədər bu siyahı daha da uzanacaq.

Ən səs-küylü ayrılıqlardan biri Niderland millisində yaşanıb. Baş məşqçi Ronald Kuman komandanın Mərakeşə penaltilərlə məğlub olaraq erkən mübarizəni dayandırmasından sonra istefa verdiyini açıqlayıb. Təcrübəli mütəxəssis nəticəyə görə bütün məsuliyyəti öz üzərinə götürdüyünü bildirib. Yerli mətbuat onun yerinə əsas namizədlər kimi Arne Slot və Erik ten Haqın adlarını çəkir.

Ekvador millisində də dəyişiklik baş verib. Müqaviləsi dünya çempionatının sonuna qədər olan Sebastyan Bekkaseşe komandanın Meksikaya uduzaraq turnirlə vidalaşmasından sonra postundan ayrılıb. O, komandanın tarixi nəticə əldə edə bilmədiyini, lakin gələcək üçün güclü kollektiv formalaşdırdıqlarını vurğulayıb.

Uruqvay millisinin baş məşqçisi Marselo Byelsa da uğursuz çıxışdan sonra istefa verib. Təcrübəli mütəxəssis futbolçuların potensialından tam istifadə edə bilmədiyini etiraf edib. Onun yerinə əsas namizədlərdən birinin Marselo Qalyardo olduğu bildirilir.

Cənubi Koreyada isə mundialdakı uğursuzluq ölkədə böyük narazılıq yaradıb. Baş məşqçi Hon Myonq Bo istefa verərək azarkeşlərdən üzr istəyib. Yerli mediada onun istefasından sonra ciddi tənqid kampaniyası başladılıb.

Şotlandiya millisinin çalışdırıcısı Stiv Klark da vəzifəsini tərk edib. O, komandanı uzun fasilədən sonra dünya çempionatına çıxarsa da, qrup mərhələsini adlaya bilməyib. Hazırda onun yerinə əsas namizədlərdən biri Ange Postekoqlu hesab olunur.

Çexiya millisində də dəyişiklik qaçılmaz olub. Komandanın baş məşqçisi Miroslav Koubek zəif nəticələrdən sonra istefa verib. O, həm uğursuz çıxışın, həm də ölkə mediasında yaranan təzyiqin bu qərarda rol oynadığını bildirib.

Turnirdə ilk istefa isə Tunis millisində qeydə alınıb. Komanda ilk oyunda İsveçə 1:5 hesabı ilə uduzduqdan sonra baş məşqçi Sabri Lamuşi vəzifəsindən uzaqlaşdırılıb. Lakin məşqçi dəyişikliyi də nəticəni dəyişməyib və Tunis mundialı üç məğlubiyyətlə başa vurub.

Bununla yanaşı, daha bir neçə məşqçinin taleyi sual altındadır. Almaniya millisinin çalışdırıcısı Yulian Naqelsmann ciddi tənqid hədəfinə çevrilib. Almaniya mətbuatında onun yerinə Yurgen Kloppun gətiriləcəyi ilə bağlı iddialar səslənir.

Fransa millisində isə Didye Deşam hələ dünya çempionatından əvvəl turnirdən sonra ayrılacağını açıqlamışdı. Onun yerinə əsas namizəd kimi Zinəddin Zidanın adı çəkilir.

Meksika millisində də dəyişiklik planlaşdırılır. Baş məşqçi Xavyer Aqirre turnirdən sonra postunu tərk edəcək və komandanı onun köməkçisi, sabiq futbolçu Rafael Markesin çalışdıracağı gözlənilir.

Beləliklə, DÇ-2026 təkcə futbolçular üçün deyil, baş məşqçilər üçün də ciddi sınağa çevrilib. Turnir irəlilədikcə istefaların sayının daha da artacağı istisna edilmir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər