Cüdoçularımız Parisi fəth etdilər: Medal sıralamasında tarixi nəticə

Cüdoçularımız Parisi fəth etdilər: Medal sıralamasında tarixi nəticə
İdman 32

Azərbaycan cüdoçuları növbəti yarışda da ölkəmizi layiqincə təmsil etdilər. Bu dəfə idmançılarımız Fransanın paytaxtı Parisdə keçirilən nüfuzlu Böyük Dəbilqə turnirində uğurlu çıxışla yadda qaldılar. Beynəlxalq Cüdo Federasiyasının təqviminə uyğun olaraq, fevralın 7-8-də baş tutan yarış cüdo dünyasında "kiçik dünya çempionatı" kimi dəyərləndirilir. Azərbaycan yığması bu mötəbər turnirdə ciddi nəticələr əldə edərək yalnız cüdonun vətəni Yaponiya idmançılarından geri qaldı.

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Parisə səkkiz cüdoçu ilə

İki gün davam edən Paris Böyük Dəbilqəsində ümumilikdə 82 ölkədən 526 idmançı qüvvəsini sınadı. Azərbaycan komandası bu yarışda geniş heyətlə təmsil olunmasa da, turnirə kifayət qədər iddialı idmançılarla qatıldı. Yığmamız kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautmanın rəhbərliyi, böyük məşqçilər Elxan Məmmədov və Slavko Tekiçin dəstəyi ilə beş çəki dərəcəsində səkkiz cüdoçu ilə mübarizə apardı.

Cüdoçularımız Parisi fəth etdilər: Medal sıralamasında tarixi nəticə

Paris Böyük Dəbilqəsində Azərbaycan yığmasının heyətində Balabəy Ağayev (-60 kq), Nazir Talıbov (-66 kq), Ruslan Paşayev (-66 kq), Zelim Tçkayev (-81 kq), Vüsal Qələndərzadə (-81 kq), Əjdər Bağırov (-100 kq), Uşanqi Kokauri (+100 kq) və Kənan Nəsibov (+100 kq) ölkəmizi təmsil etdilər. Maraqlıdır ki, dünya çempionları Hidayət Heydərov və Zelim Kotsoyev, eləcə də yığmanın digər aparıcı üzvlərindən Elcan Hacıyev bu turnirdə iştirak etmədi. Buna baxmayaraq, Paris Böyük Dəbilqəsinin ümumi səviyyəsi yüksək qiymətləndirildi.

Bir dəst medal

Nüfuzlu yarışın ilk günündə Azərbaycan cüdoçuları inamlı çıxışları ilə diqqət çəkərək bir qızıl və bir bürünc medal qazandılar. Paris tatamisində qeydə alınan bu nəticələr yığmamızın turnirə nə qədər ciddi hazırlaşdığını bir daha göstərdi.

-60 kq çəki dərəcəsində mübarizə aparan Balabəy Ağayev inamlı qələbələrlə finala yüksəldi. Həlledici görüşdə Ukrayna təmsilçisi Dilşot Xalmatovu məğlub edən cüdoçumuz karyerasında üçüncü dəfə Paris Böyük Dəbilqəsinin qalibi adını qazandı. Balabəy bütün turnir boyu həm texniki, həm də taktiki baxımdan üstünlüyü ilə seçilərək çəki dərəcəsinin ən stabil idmançılarından biri olduğunu sübut etdi.

Cüdoçularımız Parisi fəth etdilər: Medal sıralamasında tarixi nəticə

-66 kq çəki dərəcəsində tatamiyə çıxan Ruslan Paşayev isə bürünc medal uğrunda görüşdə əsl döyüşçü xarakteri nümayiş etdirdi. İtaliya təmsilçisi Valerio Akkolini ilə qarşılaşmada son saniyələrdə qazandığı yuko xalı Paşayevə qələbə və fəxri kürsünün üçüncü pilləsini gətirdi. Gərgin mübarizədə sona qədər soyuqqanlılığını qoruyan Ruslan Paşayev əzmkar çıxışı ilə yadda qaldı.

Paris Böyük Dəbilqəsinin ikinci yarış günü də Azərbaycan yığması üçün uğurlu alındı. -81 kq çəki dərəcəsində mübarizə aparan Zelim Tçkayev yüksək səviyyəli çıxışı ilə karyerasında ikinci dəfə bu turnirdə gümüş medala layiq görüldü. 26 yaşlı cüdoçumuz iki il əvvəl də Paris tatamisində analoji nəticə əldə etmişdi ki, bu da onun bu yarışda xüsusi sabitliyə malik olduğunu göstərir.

Beləliklə, Paris Böyük Dəbilqəsini bir dəst medalla başa vuran Azərbaycan millisi 78 ölkə arasında kişilərin mübarizəsində 2-ci yeri tutdu.

Hədəf dünya çempionatıdır

Paris Böyük Dəbilqəsində əldə olunan nəticələr Azərbaycan cüdosunun hazırkı durumunu və inkişaf xəttini aydın şəkildə ortaya qoydu. Yarışa əsas liderlər olmadan qatılmasına baxmayaraq, yığmamızın dünyanın aparıcı cüdo ölkələri ilə eyni səviyyədə mübarizə aparması və medal sıralamasında ön pillələrdə yer alması təsadüfi deyil. Balabəy Ağayevin sabit çıxışı, Ruslan Paşayevin əzmkarlığı və Zelim Tçkayevin davamlı yüksəlişi milli komandanın sağlam rəqabət mühitində formalaşdığını göstərir.

Cüdoçularımız Parisi fəth etdilər: Medal sıralamasında tarixi nəticə

Bu nəticələr xüsusilə ona görə önəmlidir ki, cüdo dünyasının flaqman yarışı hesab edilən dünya çempionatı bu il Bakıda keçiriləcək. Paytaxtımız 4-11 oktyabr tarixlərində dünyanın ən güclü cüdoçularını bir araya gətirəcək. Təbii ki, Azərbaycan idmançılarının əsas məqsədlərindən biri doğma azarkeşlər önündə uğurlu nəticələr əldə etməkdir. Paris tatamisində qazanılan təcrübə isə Bakıya aparan yolun mühüm mərhələsi kimi qiymətləndirilməlidir.

Cüdoçularımız Parisi fəth etdilər: Medal sıralamasında tarixi nəticə

Doğma publika qarşısında keçiriləcək mundial ərəfəsində Azərbaycan cüdoçuları üçün hər turnir əhəmiyyətlidir. İdmançılarımızın belə turnirlərdə göstərdiyi çıxışlar gələcəyə böyük ümidlə baxmağa əsas verir. Qarşıda hələ kifayət qədər vaxt var. Ancaq artıq indidən aydındır ki, yığma üzvlərinin əksəriyyəti dünya çempionatında uğurlu çıxış üçün planlı şəkildə hazırlaşır. Ona qədər isə əsas hədəf bütün beynəlxalq turnirlərdə stabil nəticələr qazanmaqdır.

Son xəbərlər