Bakıda bədii gimnastika üzrə Avropa çempionatının təntənəli açılış mərasimi olub

Bakıda bədii gimnastika üzrə Avropa çempionatının təntənəli açılış mərasimi olub
İdman 57

Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatının təntənəli açılış mərasimi olub.

BAKU.WS "report"a istinadən xəbər verir ki, əvvəlcə iştirakçı ölkələrin bayraqlarının paradı keçirilib.

Daha sonra hakimlərin, gimnastların və məşqçilərin adından and içilib. İspaniya Gimnastika Federasiyasının nümayəndəsi Monika Fornie Qarsia hakimlər, azərbaycanlı gimnast Güllü Ağalarzadə atletlər, Monteneqro yığma komandasının məşqçisi Vesna Podniç isə məşqçilər adından təntənəli şəkildə and içiblər.

Bu andlar bütün iştirakçılara və tamaşaçılara sağlam rəqabət, ədalətli hakimlik, idmanda ədalət prinsipi və ideallarına riayət edilməsinin ən yüksək prioritetə sahib olduğunu bir daha xatırladıb.

Avropa Gimnastikasının prezidenti, Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov açılış mərasimində iştirakçıları təbrik edərək uğurlar arzulayıb.

Azərbaycanın artıq beşinci dəfədir bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi etdiyini xatırladan F.Qayıbov ölkəmizdə gimnastikanın bu növü üzrə iki dəfə dünya çempionatının təşkil olunduğunu deyib.

Bildirib ki, bir neçə gün əvvəl Beynəlxalq Gimnastika Federasiyası Şurası 2027-ci il dünya çempionatını yenidən ölkəmizə həvalə edib: "Bu münasibətlə bütün gimnastikasevərləri təbrik edirəm".

Turnirin yüksək səviyyədə təşkilinə görə, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya, yerli Təşkilat Komitəsinə və könüllülərə təşəkkürünü bildirən F.Qayıbov qeyd edib ki, belə mötəbər yarışın keçirilməsində dövlətin qayğısı danılmazdır: "Azərbaycan Prezidenti İlham Əliyev həmişə idmana və idmançılara böyük diqqət ilə yanaşır".

İştirakçılara uğurlar arzulayan F.Qayıbov çempionatı açıq elan edib.

Daha sonra məşhur müğənni Vaqif Nağıyev Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirib.

Açılış mərasimi bədii hissə ilə davam edib.

Son xəbərlər