Azərbaycanın şahmat üzrə dünya ikincisi: Daha yüksək yer tuta bilərdim

Səhvlər az olsaydı daha yüksək yer tuta bilərdim.
BAKU.WS xəbər verir ki, bunu Monteneqroda təşkil edilən 20 yaşlılar arasında şahmat üzrə dünya çempionatında gümüş medal qazanan Ayan Allahverdiyeva deyib.
Azərbaycan şahmatçısı mötəbər yarışda gümüş medal qazanmasını belə dəyərləndirib: "Avropa çempionatında səhvlərim çox oldu. Məğlubiyyətdən sonra toparlanmağı bacardım və finişə qədər uğurlu çıxış etməyə çalışdım.
Qazandığım nailiyyətdə əməyi olan hər kəsə - məşqçimə, Azərbaycan Şahmat Federasiyasına və doğmalarıma təşəkkür edirəm. Növbəti yarışlarda da onları sevindirməyə çalışacam".
O, 8 mart Beynəlxalq Qadınlar günündə qazandığı mükafatı anasına həsr etdiyini bildirib: "Düzünü desəm, bayramı fikirləşməyə vaxt olmadı. Amma bu medalı anama həsr etsəm doğru olar. O hər zaman mənimlədir. Hətta mükafatlandırmadan sonra zəng vuraraq Vətənə qayıtmaqla bağlı yolda ehtiyatlı olmağımı istəyir, uduzanda da mənə dəstək olur".
2024-cü ildə 20 yaşadək şahmatçıların dünya çempionatında bürünc medal qazanan A.Allahverdiyeva növbəti il bu yarışda iştirak edə bilməyəcəyini qeyd edib: "Artıq 20 yaşım tamam olacaq və mən bu yarışda daha iştirak etməyəcəm. Ötən il qazandığım bürünc medaldan sonra Vətənə ən yüksək əyarlı mükafatla qayıtmağı arzulayırdım. Təsəllim qızıl medal qazanan FIDE təmsilçisi Anna Şukmanı əvvəlki turda məğlub etməyim oldu.
Məşqlərdə daha çox işləməliyəm ki, səhvləri təkrarlamayım. Qarşıdakı Avropa çempionatında iştirak etməyi planlaşdırıram. Arzularımdan biri yaxın gələcəkdə qadınlardan ibarət Azərbaycan millisinin əsas üzvünə çevrilməkdir".
Qeyd edək ki, dünya çempionatında 50 ölkədən 200-dən çox şahmatçı mübarizə aparıb.
Oxşar xəbərlər
"Zirə" Premyer Liqada "Səbail"i məğlub edib
Misli Premyer Liqasının XXVI turunda "Zirə" doğma meydanda "Səbail"lə qarşılaşıb. Zirə İdman Kompleksinin stadionunda keçirilən görüş ev sahiblərinin minimal he...
