Avropa çempionu: "Olimpiya medalını qazanmaq ən böyük arzumdur"
Azərbaycanlı ağırlıqqaldıran Dadaş Dadaşbəyli idman karyerasının başlanğıcı, qazandığı uğurlar və qarşılaşdığı çətinliklər barədə Baku TV-yə danışıb.
İdmançı bildirib ki, yeniyetmələr arasında Rumıniyanın Buxarest şəhərində keçirilən ilk Avropa çempionatı onun üçün unudulmaz hadisə olub:
"Dünən Qobustanda olan bir gəncin qısa müddətdə Avropa çempionatına getməsi mənə fantastika kimi gəlirdi. Bu hisləri sözlə izah etmək çətindir".
O qeyd edib ki, həmin yarışda doqquzuncu yeri tutsa da, bunu böyük uğur hesab edib:
"Bəlkə də, çempion olsaydım belə, o qədər sevinməzdim. Orada başa düşdüm ki, ağırlıqqaldırma, sadəcə, bir idman deyil, bu həm də bir sənətdir".
D.Dadaşbəyli sonrakı illərdə yeniyetmələr və gənclər arasında Avropa çempionatlarında medallar qazandığını, 2015-ci ildə isə Avropa çempionu olduğunu bildirib. Lakin o, 2016-cı ildə Rio-de-Janeyro Olimpiya Oyunlarına lisenziya qazansa da, sonradan diskvalifikasiya ilə üzləşdiyini deyib:
"Bu xəbər mənim üçün idmanda sanki ölüm idi. Amma dörd il yarışlardan uzaq qalsam da, məşqləri dayandırmadım".
İdmançı qeyd edib ki, diskvalifikasiyadan sonra böyük idmana uğurlu qayıdış edib:
"Böyüklər arasında Avropa çempionatında ümumi nəticədə bürünc medal qazandım, birdən qaldırma hərəkətində isə qızıl medal əldə etdim".
Onun sözlərinə görə, daha sonra dünya çempionatında üç bürünc medal qazanaraq Azərbaycanın bu yarışda uzun illərdən sonra medal əldə etməsinə nail olub, həmçinin Avropa çempionu və Dünya Kubokunun gümüş mükafatçısı olub:
"Olimpiya medalını qazanmaq mənim və valideynlərimin ən böyük arzusudur. İnanıram ki, bir gün bu uğura da nail olacağam".
Oxşar xəbərlər
UEFA Çempionlar Liqası: "Qalatasaray" – "Liverpul" matçı ilə 1/8 final mərhələsi başlayır
Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə start veriləcək. BAKU.WS xəbər verir ki, bu gün dörd oyun keçiriləcək. Günün ilk qarşılaşması Türkiyə təm...