Aslan Kərimov: "Qarabağ"ı ağır sınaq gözləyir, amma şanslar var

Aslan Kərimov: Qarabağı ağır sınaq gözləyir, amma şanslar var
Açıqlama
İdman 93

"Qarabağ"ı Çempionlar Liqasının artıq pley-off mərhələsində çox çətin oyun gözləyir. Bu mərhələdə istənilən nəticə mümkündür - heç-heçə də, qələbə də, məğlubiyyət də. Kağız üzərində və reytinq baxımından favorit "Nyukasl" sayılsa da, meydandakı reallıq fərqli ola bilər".

Bu sözləri BAKU.WS-ə açıqlamasında futbol mütəxəssisi Aslan Kərimov bildirib.

Onun sözlərinə görə, son oyunlarda "Qarabağ"ın bir qədər ağır təsir bağışlaması diqqət çəkir:

"Komanda həm əsas, həm də ikinci heyətlə oynamaq məcburiyyətində qalıb və bu, futbolçuların fiziki yükünü artırıb. Qarlı və palçıqlı meydanda keçirilən qarşılaşmalar da yorğunluğa təsir edə bilər. Bununla belə, belə oyunlarda futbolçular adətən əlavə motivasiya tapmağı bacarırlar.

Digər vacib məqam daxili çempionatla bağlıdır. Əvvəlki illərdən fərqli olaraq, bu mövsüm çempionluq yarışı daha gərgindir. "Qarabağ" turnir cədvəlində rahat mövqedə deyil və hər oyun vacibdir. Çünki daxili çempionatdakı nəticə gələn il yenidən Çempionlar Liqasına vəsiqə üçün həlledicidir. Bu isə rotasiya imkanlarını məhdudlaşdırır və komandaya əlavə təzyiq yaradır".

Aslan Kərimov əlavə edib ki, "Nyukasl" favoritdir, amma onların da heyətində itkilər var:

"Xüsusilə mərkəz yarımmüdafiəsində texniki keyfiyyət qatan braziliyalı kapitanın yoxluğu "Qarabağ" üçün üstünlük sayıla bilər. Bununla yanaşı, ingilis təmsilçisinin fiziki cəhətdən güclü və hündürboy oyunçuları təhlükə yarada bilər.

"Liverpul"la oyunla müqayisə aparmaq düzgün deyil. O matç səfərdə idi və rəqib fərqli səviyyədədir. "Nyukasl"la isə Bakıdakı qarşılaşma fərqli dinamika və atmosfer vəd edir. Üstəlik, rəqib uzun səfərdən sonra meydana çıxacaq.

Ümumilikdə hesab edirəm ki, hər iki komandanın şansı var. Böyük hesab gözləmirəm, çox güman ki, nəticəni bir qol həll edəcək. Azarkeşləri gərgin və həyəcanlı qarşılaşma gözləyir".

Orxan Hüseyn

Son xəbərlər