Ağasəlim Mircavadov: "3:0 əla nəticədir, lakin "Zirə" arxayınlaşmamalıdır"
"Zirə" Gürcüstanda "Torpedo"ya qarşı keçirəcəyi UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin cavab oyununda da qələbə qazana bilər.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"a Azərbaycan millisinin sabiq baş məşqçisi, "Şöhrət" ordenli Ağasəlim Mircavadov açıqlama verib.
Təcrübəli mütəxəssis komandanın Sumqayıtda rəqibini üç cavabsız qolla üstələdiyi ilk qarşılaşma haqqında fikirlərini bölüşüb:
"Rəqib cavab oyununda istər-istəməz hücuma atılacaq və müdafiədə boşluqlar verəcək. "Zirə" isə əks-hücumlarda yaxşı təsir bağışlayır. Çempionat qarşılaşmalarında bunu görmüşük. Düşünürəm ki, səfərdə də qalib gələ bilərlər. "Torpedo"nun heyətində çoxlu əcnəbi oyunçular var idi. Amma inkişaf barədə düşünürsənsə, səviyyəli legioner gətirməli və ya yerlilərə şans verməlisən. Onların zəif olduğunu düşünmürəm. "Zirə" mərkəzdə yaxşı pressinq edirdi və bəlkə də rəqib bunu gözləmirdi. Həm də komandamız fürsətlərdən tam istifadə etdi".
A.Mircavadov avrokuboklardakı ilk oyunlarda qələbənin çox vacib olduğunu söyləyib:
"Birinci matçlarda yaxşı oyundan çox, nəticə gözləyirəm. Çünki qalibiyyət növbəti qarşılaşmalara təsir edir. Komandalar növbəti mövsümə hazırlaşırlar, yeni transferlər edirlər. Qələbə ruhu önəm kəsb edir. "Zirə" çox sakit halda rəqibini məğlub etdi. Nəzərə almaq lazımdır ki, klubun planı dəyişib və sonradan turnirdə iştirak hüququ əldə etdilər. Məncə, komanda hələ də oyunçu axtarışlarını davam etdirməlidir. Bəzi mövqelər güclənməlidir. 3:0 çox yaxşı nəticədir. Kutaisidə oynamaq bir az ağır olacaq. Mən SSRİ dönəmində orada meydana çıxmışam. "Zirə" sərfəli nəticə qazanıb, amma sakitləşməməli və arxayın olmamalıdır".
Mütəxəssis bildirib ki, "Zirə" bu oyuna çox hazırlaşa bilməsə də, matça yaxşı köklənib:
"Klub yay transfer dönəmində futbolçu seçimində tələsmir. Bu, çox doğru addımdır. İstədiyi oyunçuları almaq üçün vaxta ehtiyac var. Avrokuboklar üçün çox transferlər edilsəydi, səhvlər ola bilərdi".
Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 16-da Gürcüstanda keçiriləcək.
Oxşar xəbərlər
"Zirə" – "Torpedo" matçı Azərbaycan futbolu tarixində iki yubileylə əlamətdar olub
UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Zirə" – "Torpedo" (Kutaisi, Gürcüstan) matçı Azərbaycan futbolu tarixində i...