Azərbaycanlı futbolçu Ruslan Qurbanov Malta ilə oyundan sonra öz fikirlərini bildirib.
  

BAKU.WS xəbər verir ki, millinin oyunçusu bu barədə sosial şəbəkədə yazıb. 


Ruslan qarşılaşmaya gəlib yığmanı canlı dəstəkləyən azarkeşlərə təşəkkür edib:


"Çoxlu təhlükəli vəziyyətlər yaratmağımıza baxmayaraq, top rəqibin qapısından keçmək istəmirdi. Bu futboldur və hərdən belə də olur. Yaratdığımız qol vəziyyətlərinin sayını da özünüz gördünüz. Mən sizə Mahir Mədətovla bağlı müraciət etmək istərdim. O bu gün çox gözəl oyun keçirdi və qol ötürməsi də verməyə bacardı. Buna baxmayaraq, siz onu əvəz olunduğu zaman fitə basdınız. Unutmayın ki, onun 22 yaşı var və o bundan sonra da inkişaf etməyə davam edəcək.


Mən əminəm ki, gələcəkdə o möhtəşəm bir futbolçu olacaq. Nəyə görə onun Kopenhaqenə qarşı oyunda vurduğu qolu unutdunuz? O qoldan sonra bütün ölkə Qarabağın futbol tariximizdə yeni səhifə yazdığına sevinirdi. Nə üçün bunu yaddan çıxarmısız? Mənə o yaşda Mahirdən güclü bir azərbaycanlı futbolçu adı çəkin! Məncə, beləsi yoxdur!


Gəlin bir birimizə qarşı daha həssas olaq, çünki biz sizin üçün meydana çıxıb sonadək mübarizə aparırıq və sizi həmişə qələbələrimizlə sevindirmək istəyirik. Unutmayın ki, bizim üçün bu yolda ən vacibi sizin dəstəyinizdir. Gəlin hamımız bir anlıq özümüzü Mahirin yerində təsəvvür edək. Mən əminəm ki, çoxları onun yerində olsaydı, çoxdan təslim olardı, amma o güclü insandır və sizin dəstəyinizlə daha da güclü olacaq. Bir daha hər kəsə göstərdiyi dəstək üçün təşəkkür edirəm! Biz sizi sevindirmək üçün həmişə bacardığımızı etməyə çalışacayıq, bizim sevimli azarkeşlərimiz!


BAKU.WS