VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Karateçilərimiz Rusiyanın Soçi şəhərində yeniyetmələr arasında 45-ci, 21 yaşadək gənclərin 10-cu Avropa çempionatında tarixi nəticə göstəriblər. Qazanılan altı medaldan dördü qızıl, biri gümüş və bürünc mükafatdır.

Federasiyadan BAKU.WS-ə verilən məlumata görə, yarışın son günü 21 yaşadək gənclərdən Hüseyn Əliyev (-67 kq, şəxsi məşqçisi Elnur Həsənov) qitə çempionu olub. Murad Hacızadə (+84 kq, şəxsi məşqçisi Rafael Məmmədov) isə ardıcılı ikinci dəfə avropa ücüncülüyünü qazanıb.

Yarışın ilk günü Tale Yaqubov (-63 kq, şəxsi məşqçisi Cahangir Babayev) və Polina Hurenko (-47 kq, şəxsi məşqçisi Denis Morozov), ertəsi gün 16-18 yaşlı gənclər arasında Hümmət Baxşəliyev (-61 kq, şəxsi məşqçisi Vüqar Kərimov) qızıl medala sahib olub. Mədinə Sadıxova (-48 kq, şəxsi məşqçisi Seymur Xudaverdiyev) isə gümüş medala layiq görülüb. Roman Heydərov (kata), Aytac Əliyeva (-55 kq) və Fəridə Əliyeva (+67 kq) təsəlliverici görüşlərə qatılmaq imkanı əldə etsə də nəticədə medalsız qalıblar.

44 ölkədən 956 idmançının iştirak etdiyi Avropa çempionatında Azərbaycan 5-ci yeri tutub. Qitə çempionatında idmançılarla birlikdə olan Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov və Baş katib MirHəsən Seyidov federasiyanın tarixində ilk olan bu nəticəni yüksək qiymətləndiriblər. Yeniyetmə karateçilərin bu ilin yayında Argentinanın paytaxtı Buenos Ayresdə Yeniyetmələrin Olimpiadasına qatılmaq üçün hazırlıqları davam edəcək.

Tuncay
BAKU.WS