SİZİN REKLAM BURADA!
055 213 76 73


AFFA İntizam Komitəsi tərəfindən 5 oyunluq cəzalandırılan “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı Azərbaycan Premyer Liqasının XXX turunda “Turan Tovuz”la oyunda hakimi təhqir etməyib.

Klub rəsmisi “Report”a açıqlamasında qarşılaşmanın fasiləsində baş hakim Rauf Cabarova narazılığını normal şəkildə bildirdiyini söyləyib:

“Heç bir təhqiramiz ifadə işlətməmişəm. Birinci hissədən sonra Rauf Cabarovun idarəçiliyindən narazı qaldığımı bildirmək istəmişəm. Hətta sözləri seçərək demişdim ki, təhqirə yol verməyim. Adım protokolda olmasa da, referi mənə qırmızı vərəqə göstərdi. Yəni mənə qırmızı vərəqə verməyə ixtiyarı yox idi”.

O, hadisə ilə bağlı AFFA-ya müraciət etdiyini də vurğulayıb:

“AFFA İntizam Komitəsinə və Hakimlər Komitəsinə müraciət etmişəm. Çünki təhqir olmayıb, işlətdiyim cümlə də yadımdadır. Obyektiv araşdırılmasını xahiş etmişəm. Qərardan apellyasiya şikayəti də verəcəyik. Təhqir etmədiyim üçün Rauf Cabarovun protokola bu cür yazmasından çox narazıyam. Hakimi söyən yaşım deyil. Bunu imicimə xələl gətirən hal kimi qiymətləndirirəm. Haqlı olduğumu sübut etmək üçün lazımi addımları atacağam”.

Səbuhi Səfiyarlı öz meydanlarında 1:2 hesabı ilə məğlub olduqları görüşün ilk hissəsində referinin iki kobud səhvə yol verdiyini düşünür: “Birinci hissədə qapımıza təyin edilən penalti qərarından narazı idik. Çünki qərar doğru deyildi. 42-ci dəqiqədə isə topun Şəhriyar Əliyevin əlinə dəydiyi epizod var idi. Ən azı VAR-a baxmaq olardı. Çünki bizim fikrimizcə, penalti verilməli idi”.

Qeyd edək ki, Səbuhi Səfiyarlı 3-ü şərti olmaqla 5 oyunluq cəzalandırılıb. Ona 3 ay sınaq müddəti təyin edilib.

***15:38

AFFA İntizam Komitəsi “Qəbələ” klubunun meneceri Səbuhi Səfiyarlını üçü şərti olmaqla beş oyunluq cəzalandırıb.

“Report”un məlumatına görə, buna bölgə təmsilçisi rəsmisinin “Turan Tovuz”a 1:2 hesabı ilə uduzduqları Premyer Liqanın XXX turunun matçında hakimləri təhqir etməsi səbəb olub.

“Qırmızı-qaralar” 4000 manat cərimələnib, Səfiyarlıya 3 ay sınaq müddəti təyin edilib.

Bundan əlavə, hər iki klub əlavə 700 manat ödəməli olacaq. “Qəbələ”nin 4, Tovuz klubunun 5 oyunçusu sözügedən qarşılaşmada sarı vərəqə ilə cəzalandırılıb.

BAKU.WS