SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün məşhur Azərbaycan futbol hakimi Tofiq Bəhramovun anım günüdür.

BAKU.WS xatırladır ki, Tofiq Bəhramov 1925-ci il yanvarın 29-da Ağdamda anadan olub.

Futbolçu karyerasına 1940-cı ildə başlayan T.Bəhramov əvvəlcə “Spartak”ın gənclərdən ibarət komandasında çıxış edib.

Daha sonra “Neftyannik”ə dəvət olunub. Lakin onun futbolçu karyerası istədiyi kimi alınmayıb. Ayağından aldığı zədə karyerasına erkən son qoyması ilə nəticələnib.

Bununla belə, futbol vurğunu olan Tofiq Bəhramov sevimli məşğuliyyətindən ayrılmaq istəməyib və hakim kimi bu idman növündə öz fəaliyyətini davam etdirmək qərarına gəlib.

1951-ci ildən SSRİ çempionatının oyunlarına təyinat alıb, 1964-cü ildən isə beynəlxalq oyunları idarə etmək hüququ qazanıb. T.Bəhramov keçmiş SSRİ-də avrokubokların finalında hakimlik etmiş ilk referi kimi də tarixə düşüb.

Bundan başqa, T.Bəhramov 1972-ci ildə qitələrarası kubokun final matçı olan “Ayaks” (Niderland) – “İndependyente” (Argentina) görüşünü idarə edib.

1966-cı ildə keçirilən dünya çempionatının finalı həmyerlimizi futbolla maraqlanan hər kəsə tanıtdırıb və Tofiq Bəhramovun adının tarixdə qalmasına şərait yaradıb.

Almaniya və İngiltərə milliləri arasında baş tutan final oyununda Cefri Hertsin mübahisəli qolunu qeydə alan Bəhramovun qərarının doğru olduğunu sonradan bütün dünya bilib.

Həmin ərəfədə “Qızıl fit”lə yalnız baş hakimlər təltif olunurdular. Tofiq Bəhramov bu qarşılaşmada laynsman funksiyasını yerinə yetirsə də, Britaniya kraliçası “Qızıl fit”i və “Qızıl ilahə”nin kiçik modelini həmyerlimizə təqdim edib.

Tofiq Bəhramov 1975-ci ildə hakimliklə vidalaşıb. 1993-cü il martın 26-da Bakıda üçüncü dəfə infarkt keçirən Bəhramov dünyasını dəyişib. O, II Fəxri xiyabanda dəfn olunub.

Bakıda yerləşən Respublika Stadionu onun adını daşıyır. Stadionun yaxınlığında isə dünyada ilk dəfə olaraq 2004-cü ildə futbol hakiminin xatirəsinə heykəl qoyulub.

BAKU.WS