VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Öncə Azərbaycan xalqını təbrik edirəm. Bu tək mənim yox, bütün Azərbaycan xalqının qələbəsidir. Bu yarışa hazırlaşanda özümə inanırdım ki, çempion olacağam. Müəllimlərim mənə o motivasiyanı vermişdi ki, sən buna qadirsən. Çox güclü təlim-məşq toplanışlarından keçmişdik. Müəllimlər bizim üzərimizdə çox işləmişdilər. Şəxsi məşqçilərim – Eduard Məmmədova və Çingiz Eyvazova çox təşəkkür edirəm. Üzərimdə kimin haqqı varsa, hamısı halal etsin".

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanmış Azərbaycan kikboksçusu Fərid Ağamoğlanov deyib.

Kikboksinqin "full kontakt" növündə 63,5 kq çəki dərəcəsində çempion olan idmançı qələbəsini Vətən Müharibəsi şəhidlərinə həsr etdiyini bildirib: "Özüm II Qarabağ Müharibəsi veteranıyam. Qalib ölkənin idmançısı olaraq burda qalib olmağım daha da məni qürurlandırdı. Fəxr edirəm ki, azərbaycanlıyam. Bundan sonra da çalışacağam ki, Azərbaycanın bayrağını daha da yaxşı yerlərdə göylərə qaldırım".

Finalda Mərakeş idmançısı İşu Kalfaui Ussamanı məğlub edən Ağamoğlanov qabırğasından zədə aldığını vurğulayıb: "Yarımfinal döyüşüm ağır keçdi. Dünya ikincisi ilə vuruşdum. Qabırğamdan zədə aldım. Buna baxmayaraq, mən bura çempion olmağa gəlmişdim. O çempionluq hissi ilə mən rinqə çıxdım, ağrıya baxmayaraq, qalib gəldim. Amma qələbə ağrını yaddan çıxardır. Yaşasın, Azərbaycan!"

Qeyd edək ki, bu gün başa çatan İslamiadanı Azərbaycan kikboksinq millisi 15 medalla (3 qızıl, 5 bürünc və 7 bürünc) başa vurub.

BAKU.WS