SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Ağdam təmsilçisi "Qarabağ" klubu UEFA Çempionlar Liqasında mübarizəyə start verəcək.

BAKU.WS xəbər verir ki, "köhlən atlar" I təsnifat mərhələsinin ilk oyununda Polşa "Lex" ilə qarşılaşacaq.

Poznan şəhərindəki eyniadlı stadionda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Görüşü ispaniyalı FIFA referisi Xose Luis Munuera idarə edəcək.

Qeyd edək ki, “Lex” - “Qarabağ” oyunundan öncə mətbuat konfransı və media üçün açıq məşq təşkil olunub.

Dünən mətbuat konfransında çıxış edən baş məşqçi Qurban Qurbanov bildirib ki, "Qarabağı çətin oyun gözləyir: "Bizi çox çətin oyun gözləyir. Rəqibi daha yaxından tanımaq, hiss etmək baxımından futbolçuların üzərinə xeyli iş düşəcək. İlk dəqiqələrdən çox diqqətli olmalıdırlar. Rəqibin yaxşı azarkeş dəstəyi, gözəl stadionu var. Baxımlı oyun göstərmək istəyirik. İnanıram ki, oyunçularım bunun üçün meydanda hər şeyi edəcək.

Komandada durum normaldır. Problemlərin az olmasına çalışdıq. Futbolçuların hamısı sağlamdır. Sadəcə, bir az vaxt problemi oldu. Buna görə narahat deyil. Elə dönəmdir ki, tam hazır ola bilmərik. Təcrübəmizə güvənirik".

"Lex"in baş məşqçisi Con van den Brom isə bildirib ki, Çempionlar Liqasında zəif rəqib yoxdur. "Qarabağ"a hörmətlə yanaşmalıyıq. Həqiqətən çox yaxşı komandadır. Ötən mövsüm Konfrans Liqasında etdiklərini görmüşük. Eləcə də rəqib bizə hörmət etməlidir.

"Qarabağ"ın zəif və güclü tərəflərini bilirik. Ona görə də qarşıdakı matça müxtəlif aspektlərdə hazırlaşırıq. Açıq futbol oynasaq, rəqib bizə problem yarada bilər. Odur ki, balansı qorumalıyıq".

Mətbuat konfransından sonra hər iki klubun oyunçuları mətbuat üçün açıq məşqə çıxıblar.

Xatırladaq ki, komandalar arasında cavab matçı iyulun 12-də Bakıda olacaq. Bu cütün qalibi II təsnifat mərhələsində İsveçrə "Sürix"i ilə qarşılaşacaq. Məğlub komanda isə UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Slovan" (Slovakiya) – "Dinamo" (Batumi, Gürcüstan) cütünün güclüsü ilə üz-üzə gələcək.

BAKU.WS