SİZİN REKLAM BURADA!
055 213 76 73


"İstədiyim kimi döyüşə bilmirdim. Yarışa üç həftə qalmış sol ayağımdakı əzələm cırıldı. İkinci dərəcəli yırtıq var idi. Son vaxtlar lazım olan məşqləri edə bilmirdim".

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan taekvondoçusu Fəridə Əzizova Tokio-2020 Yay Olimpiya Oyunlarındakı çıxışı barədə danışarkən deyib.

67 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 final mərhələsində ABŞ təmsilçisi Peyc Makfersona uduzduğu üçün təəssüfləndiyini bildirib.

Əzizova koronavirus pandemiyası səbəbindən uzun müddət məşqsiz qaldıqlarını xatırladıb: "Düşünürəm ki, peşəkar idmançı üçün bir ildən çox məşqsiz qalmaq çətindir. Hər gün iki dəfə məşq etməyə öyrəşən idmançılar yenidən formaya düşməyə çətinlik çəkir. Hər kəs olimpiadaya 4 il hazırlaşır. Bu dəfə isə məlum məsələlərə görə 5 il oldu. 5 il hazırlaşırıq ki, döşəyə çıxıb 6 dəqiqə vuruşaq".

Taekvondoçu məğlubiyyətə görə ən çox üzülən tərəfin özləri olduğunu söyləyib: "Çünki ən çox əziyyəti çəkən ilk növbədə idmançılardır, sonra isə məşqçilərdir. Olimpiadadakı nəticəyə baxmayaraq karyeramı bitirməyi düşünmürəm. Növbəti Yay Olimpiya Oyunlarına 3 il qalıb. Fransadakı yarışa da lisenziya qazanacağıma inanıram. Məni sevən və dəstək olan hər kəsə təşəkkür edirəm. Üzürlü sayın, növbəti dəfə də təəssüflər olsun ki, istədiyim nəticəni əldə edə bilmədim. Mənə hər zaman dəstək olduğunuza görə çox sevinirəm".

BAKU.WS