SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün EURO-2020 futbol üzrə Avropa çempionatının açılış mərasimi və ilk matçı keçiriləcək.

BAKU.WS xəbər verir ki, İtaliyanın paytaxtı Romada baş tutacaq qarşılaşma zamanı İtaliya və Türkiyə yığmaları üz-üzə gələcək.

Avropa çempionatına böyük marağı və Türkiyənin ilk matç günündə mübarizə aparacağını nəzərə alaraq millət vəkillərimizə üz tutduq və qarşılaşmada hansı komandanın qalib gəlmək şanslarının daha çox olmasını soruşduq. Deputatlarımız həmçinin EURO-2020-də hansı yığmanı favorit kimi gördüklərini BAKU.WS-ə bildiriblər:

Cavid Osmanov: "Bu gün baş tutacaq Türkiyə və İtaliya yığmalarının qarşılaşmasında heç-heçənin olacağını təxmin edirəm. Fikrimcə, matç 1:1 hesabı ilə başa çatacaq.

Lakin bunu da deyim ki, EURO-2020-də favorit kimi İtaliya yığmasını görürəm. Bütün hallarda Türkiyə yığmasına da azarkeşlik edəcəm".

Aqil Abbas: "Hamımızın ürəyindən keçir ki, bugünkü qarşılaşmada Türkiyə yığması qalib gəlsin. Lakin bu, bir az çətin olacaq. Çünki oyun Romada baş tutacaq və İtaliya güclü komandadır. Türkiyə də elə-belə komanda deyil.

Fikrimcə, hesab 2-1 Türkiyənin xeyrinə başa çatacaq. Amma tərsinə də ola bilər. EURO-2020-də favorit kimi İspaniya və Almaniya yığmalarını görürəm”.

Ceyhun Məmmədov: “Türkiyə-İtaliya yığmalarının ikisi də güclüdür. İnanmaq istəyirəm ki, bu qarşılaşmada Türkiyə qalib tərəf olacaq. Hər iki dövlət bizə dostdur, hər ikisi müharibə dövründə bizə dəstək göstərib. Lakin Türkiyə bizə daha doğma və yaxındır.

Ola bilər ki, oyun heç-heçə başa çatsın və ya Türkiyə cüzi hesabla qalib gəlsin. EURO-2020-də favorit kimi Türkiyəni görürəm. Bu, çətin olsa da, Türkiyənin çempion olmasını istəyirəm”.

Naqif Həmzəyev: EURO-2020-də ürəyimiz Türkiyəylədir və qardaş ölkənin qalib gəlməsini istəyirik. İtaliya da bizimlə dost ölkədir, bu yığmaya biz uşaqlıq illərindən azarkeşlik etmişik. Düşünürəm ki, hesab Türkiyənin 2:1 hesablı qələbəsi ilə yekunlaşacaq.

EURO-2020-də favorit kimi İngiltərə, İspaniya, Türkiyə və Niderland yığmalarını görürəm. Fikrimcə, bu yığmalardan biri qalib olacaq. Amma Türkiyənin qalib gəlməsini daha çox istərdik".

Qeyd edək ki, AVRO-2020-nin A qrupunun 3 matçı Bakıda keçiriləcək. Bakı Olimpiya Stadionu iyunun 12-də İsveçrə-Uels, iyunun 16-da Türkiyə-Uels və iyunun 20-də Türkiyə-İsveçrə oyunlarına ev sahibliyi edəcək. Bundan başqa, iyulun 3-də 1/4 final mərhələsinin bir oyunu Bakıda baş tutacaq.

AVRO-2020 iyunun 11-dən iyulun 11-dək Avropanın 11 şəhərində keçiriləcək. Avropa çempionatı koronavirus pandemiyası ilə əlaqədar ötən il təxirə salınmışdı.

Orxan Hüseyn
BAKU.WS