Vüqar Bayramov: "28 illik Ermənistan işğalı nəticəsində Laçın rayonuna səkkiz milyard dollardan çox ziyan dəyib"

Vüqar Bayramov: 28 illik Ermənistan işğalı nəticəsində Laçın rayonuna səkkiz milyard dollardan çox ziyan dəyib
Foto
Sosial 14

"Bu gün Laçın rayonunun Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsinin növbəti ildönümüdür. 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Laçın rayonu Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış Üçtərəfli Bəyanata əsasən, 2020-ci ilin 1 dekabr tarixində Azərbaycana təhvil verildi. 28 illik Ermənistan işğalı nəticəsində Laçın rayonuna səkkiz milyard dollardan çox ziyan dəyib. Laçın şəhərinin işğaldan azad olunması Azərbaycanın müasir tarixinin ən strateji hadisələrindən hesab olunur".

BAKU.WS xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

Deputat bildirib ki, 30 illik Ermənistan işğalı nəticəsində dağıdılan şəhər və kəndlərimiz Azərbaycan Prezidentinin rəhbərliyi ilə yenidən qurulur və inkişaf edir:

Vüqar Bayramov:

"Zəfərdən keçən qısa zamanda Qarabağ və Şərqi Zəngəzurda intensiv məskunlaşmaya start verildi. Gələn ilin sonuna qədər azad olunmuş ərazilərdə 140 min sakinin məskunlaşması planlaşdırılır.

Bərpa və quruculuq mərhələsinə qədəm qoyan Laçın rayonu iqtisadi cəhətdən böyük potensiala malik bölgələrimizdən hesab olunur. Rayonun həm böyük turizm potensialı, həm də aqrar, eləcə də sənaye sektorunda müqayisəli üstünlükləri var. Təbii ehtiyatları ilə fərqlənən rayonda emaledici sənaye üzrə istehsalın təşkili mümkündür. Laçın rayonu ərazisində ümumi ehtiyatları 1 124 ton olan üç civə, ehtiyatları 4.457 mln ton olan və əhəng istehsalına yararlı Laçın əhəngdaşı, ehtiyatları 2 533 min kubmetr olan və istismara cəlb edilən üzlük daşı istehsalına yararlı Hoçaz mərmərləşmiş əhəngdaşı, mişardaşı istehsalına yararlı iki tuf, iki əlvan bəzəkdaşı, vulkan külü və digər təbii sərvətləri var. Bununla yanaşı, meyvəçilik, tütünçülük, üzümçülük, taxılçılıq, arıçılıq inkişaf etmiş sahələrdən hesab olunurdu.

Çoxsaylı təbii ehtiyatları ilə yanaşı, Laçın, həmçinin böyük aqrar və turizm potensialına malikdir. Bu isə o deməkdir ki, tezliklə Laçın nəinki Şərqi Zəngəzurda, bütövlükdə ölkəmizdə iqtisadi gücünə görə seçilən rayonlarımızdan olacaq".

Son xəbərlər