Vahid məktəbli kitabçası niyə yoxdur? "Valideynlərə də zərərdir, bizə də, tullayırıq"

Vahid məktəbli kitabçası niyə yoxdur? Valideynlərə də zərərdir, bizə də, tullayırıq
Video
Sosial 16

Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Valideyn və şagirdlərlə yanaşı, məktəbli ləvazimatları satan sahibkarların da narazılığına səbəb olan məsələlərdən biri məktəbli kitabçalarının vahid formada olmamasıdır.

BAKU.WS Baku TV-yə istinadla xəbər verir ki, vətəndaşların sözlərinə görə, dərs ilinin əvvəlində müxtəlif nəşriyyatların hazırladığı məktəbli kitabçaları alınır. Lakin tədris ili başlayandan sonra bəzi məktəblər və hətta ayrı-ayrı siniflər fərqli nəşriyyatların kitabçalarını tələb edir.

Valideynlər hesab edirlər ki, bütün məktəblərdə istifadə ediləcək vahid məktəbli kitabçasının müəyyənləşdirilməsi daha məqsədəuyğun olar.

Satıcılar isə bildirirlər ki, müxtəlif məktəblərin fərqli tələbləri səbəbindən bəzi məhsullar, ümumiyyətlə, satılmır və nəticədə əllərində qalır. Onların sözlərinə görə, bu vəziyyət sahibkarlara da maddi zərər vurur.

Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) bildirilib ki, qurum tərəfindən ümumi təhsil müəssisələrində hər hansı nəşriyyatın hazırladığı məktəbli kitabçasından istifadəyə dair vahid tələb və ya tövsiyə müəyyən edilməyib.

Qeyd olunub ki, məktəbli kitabçasının əldə edilməsi ilə bağlı qərar müəllim və valideynlərin qarşılıqlı razılığı əsasında qəbul edilə bilər. Bununla yanaşı, məktəb və ya müəllim tərəfindən şagirdlərdən məktəbli kitabçasının alınmasının tələb edilməsi yolverilməzdir.

Agentlikdən vurğulanıb ki, şagirdlərin summativ və formativ qiymətləndirilməsinin nəticələri müəllim tərəfindən iş dəftərlərində qeyd oluna bilər. Valideynlərin təhsilalanların qiymətləndirilməsi, təlim nəticələri və digər məsələlərlə bağlı məlumatlandırılması isə digər kommunikasiya vasitələri, o cümlədən rəqəmsal platformalar vasitəsilə həyata keçirilə bilər.

Əlavə edilib ki, təhsil prosesinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində ümumi təhsil müəssisələrində elektron jurnal və elektron gündəliklərdən istifadənin genişləndirilməsi, eləcə də təhsilalanlar, valideynlər və təhsilverənlər üçün rəqəmsal imkanların artırılması istiqamətində işlər davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər