Üzərində ev tikilmiş kanalizasiya kollektoru partladı: Təmir işləri aparmaq mümkün olmur
Bakı şəhərinin Xətai rayonu, Əhmədli qəsəbəsi, Tofiq Hacıbabayev küçəsi, 86 ünvanında kanalizasiya kollektorunda ciddi qəza qeydə alınıb. Baku TV-nin qaynar xəttinə daxil olan şikayətdə sakinlər bildirirlər ki, xəttin partlaması nəticəsində ərazidə kanalizasiya suları küçə və həyətlərə axır, yaşayış üçün təhlükəli vəziyyət yaranıb.
Onlar iddia edirlər ki, dörd həyət evi birbaşa risk altındadır, bəzi tikililərin bünövrəsində çökmələr müşahidə olunur. Həmçinin ərazidəki güclü üfunət qoxusu nəfəs almaqda çətinlik yaradır. Kanalizasiya suları isə artıq evlərin girişinə qədər çatıb.
Sakinlərin sözlərinə görə, dəfələrlə aidiyyəti qurumlara müraciət olunsa da, problem həll olunmayıb. Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, ərazidə kollektorun üzərində inşa edilmiş tikililərin yaratdığı yüklənmə nəticəsində qəza baş verib. Şəbəkənin üzərində yaşayış evinin olması hazırda xəttə müdaxiləni və bərpa işlərinin görülməsini qeyri-mümkün edib. Qeyd olunub ki, su borularının, kollektorların, magistral və paylayıcı xətlərin üzərində, eləcə də onların mühafizə zolaqlarında hər hansı tikinti işlərinin aparılması qanunvericiliyə ziddir. Məsələ ilə bağlı Bakı Sukanal İdarəsi tərəfindən əraziyə baxış keçirilib. Müvafiq işlərin görülməsi üçün aidiyyəti üzrə müraciət olunub.
Oxşar xəbərlər
Sosial şəbəkələr və oyunlar: Yeni dövrün səssiz təhlükəsi
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Uşaqlar sosial şəbəkələrin girovuna çevrilir: görünməyən təhlükə nə qədər artıb? Ekran qarşı...