Uşaqların sosial şəbəkələrdə qeydiyyatına nəzarət zəruridir - Elçin Mirzəbəyli
16 yaşına çatmamış uşaqların sosial şəbəkələrdə qeydiyyatına məhdudiyyət nəzərdə tutan qanun layihəsinin Milli Məclisdə üçüncü oxunuşda qəbul edilməsi ictimai müzakirələrə səbəb olub.
Mövzu ilə bağlı BAKU.WS-ə açıqlama verən Milli Məclisin deputatı Elçin Mirzəbəyli bildirib ki, qəbul edilən dəyişikliklər bəzi dairələr tərəfindən yanlış təqdim olunur.
Onun sözlərinə görə, qanunun mahiyyəti sosial şəbəkələri qadağan etmək deyil, uşaqların rəqəmsal təhlükələrdən qorunmasını təmin etməkdir.
Deputat qeyd edib ki, müasir dövrdə uşaqlar üçün təhlükələr təkcə fiziki mühitdə deyil, rəqəmsal məkanda da mövcuddur:
"Müasir dünyanın ən böyük paradokslarından biri ondan ibarətdir ki, cəmiyyət uşaqların fiziki təhlükəsizliyi ilə bağlı tətbiq olunan bütün məhdudiyyətləri normal qarşılayır, lakin eyni yanaşma rəqəmsal təhlükəsizlik müstəvisinə daşındıqda dərhal etiraz səsləri yüksəlir. Halbuki XXI əsrdə uşaqlar üçün ən böyük risklərdən bir hissəsi artıq küçələrdə deyil, smartfon ekranlarının arxasında gizlənib."
Millət vəkilinin sözlərinə görə, qanun layihəsi ətrafında yaradılan müzakirələrdə sənədin mahiyyəti təhrif edilir və ictimai rəyə yanlış təqdim olunur:
"Qanunun mahiyyəti bilərəkdən təhrif edilir, ictimai rəyə "sosial şəbəkələrə qadağa", "uşaq hüquqlarının məhdudlaşdırılması", "gənclərin inkişafına maneə" kimi təqdim olunmağa çalışılır. Halbuki söhbət sosial şəbəkələrin qadağan edilməsindən yox, sosial şəbəkələrdə yaş yoxlanılması mexanizmlərinin tətbiqindən və uşaqların zərərli rəqəmsal təsirlərdən qorunmasından gedir."
Elçin Mirzəbəyli vurğulayıb ki, fiziki təhlükəsizliyin qorunması üçün tətbiq olunan yaş məhdudiyyətləri kimi, rəqəmsal mühitdə də uşaqların müdafiəsi təmin edilməlidir:
"Heç bir normal cəmiyyət azyaşlı uşağın siqaret almasını, alkoqollu içki istifadə etməsini, qumar oyunlarında iştirakını və ya pornoqrafik məzmunlara çıxışını hüquq və azadlıq kimi təqdim etmir. Çünki uşağın hüquqlarının təmin olunmasının əsas şərtlərindən biri onun təhlükəsizliyinin qorunmasıdır. Eyni məntiq sosial şəbəkələrə münasibətdə də tətbiq edilməlidir."
Deputatın sözlərinə görə, sosial şəbəkələr artıq sadəcə ünsiyyət vasitəsi deyil, istifadəçilərin davranışlarına təsir göstərən mürəkkəb alqoritmlərlə işləyən platformalardır və uşaqlar bu təsirlərə daha həssasdır.
O bildirib ki, son illərdə aparılan araşdırmalar sosial şəbəkələrdən nəzarətsiz istifadənin uşaqlar və yeniyetmələr arasında depressiya, narahatlıq pozuntuları, aqressiv davranış, rəqəmsal asılılıq, sosial təcrid, kiberzorakılıq və yaşa uyğun olmayan məzmunlarla qarşılaşma riskini artırdığını göstərir.
Millət vəkili qeyd edib ki, məhz buna görə dünyanın bir çox ölkəsi yaş məhdudiyyətləri, valideyn nəzarəti və platformaların məsuliyyətini artıran mexanizmlər tətbiq edir:
"Azərbaycanın qəbul etdiyi dəyişikliklər də bu qlobal tendensiyanın tərkib hissəsidir."
Deputat xatırladıb ki, qanuna əsasən, 16 yaşına qədər uşaqlar sosial platformalarda hesab yarada bilməyəcək, 16-18 yaş arası yeniyetmələr isə valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı ilə qeydiyyatdan keçə biləcəklər.
"Burada məqsəd uşaqları rəqəmsal dünyadan təcrid etmək deyil, onların bu mühitə daha təhlükəsiz şəkildə daxil olmalarını təmin edən mexanizm yaratmaqdır."
Elçin Mirzəbəyli bildirib ki, burada söhbət hüquqların məhdudlaşdırılmasından deyil, dövlət, ailə və platformalar arasında məsuliyyət bölgüsünün formalaşdırılmasından gedir. Onun sözlərinə görə, dövlət hüquqi çərçivəni yaradır, valideynlər nəzarəti həyata keçirir, platformalar isə yaş yoxlanılması mexanizmlərini tətbiq etməklə uşaqların maraqlarını qoruyan vahid müdafiə sistemi formalaşdırırlar.
Deputat əlavə edib ki, bu təşəbbüsün "uşaqların inkişafına zərbə" kimi təqdim edilməsi doğru yanaşma deyil:
"İnkişaf uşağın nəzarətsiz şəkildə informasiya xaosuna buraxılması demək deyil. İnkişaf sağlam psixologiyanın, təhlükəsiz mühitin, düzgün dəyərlərin və yaşa uyğun məlumatların təmin edilməsi ilə mümkündür. Uşağın zərərli təsirlərdən qorunması onun inkişafının qarşısını almaq deyil, əksinə, həmin inkişaf üçün sağlam zəmin yaratmaq deməkdir."
Sonda deputat vurğulayıb ki, uşaqların rəqəmsal təhlükələrdən qorunması dövlətin sosial siyasətinin mühüm istiqamətlərindən biridir və qəbul edilən dəyişikliklərə "qadağa" kimi deyil, uşaqların təhlükəsizliyini təmin edən müdafiə mexanizmi kimi yanaşmaq lazımdır.
Şəhanə Xankişiyeva
Oxşar xəbərlər
Bilgəh çimərliyindən ŞİKAYƏT: Vətəndaşlardan 10 AZN tələb olunur
Paytaxtın Sabunçu rayonunun Bilgəh qəsəbəsindəki ictimai çimərlikdə vətəndaşlardan ödəniş tələb edilir. Bu barədə BAKU.WS-in "qaynar xətti"nə şikayət daxil olub...