Uşaqlarda ən gec aşkarlanan təhlükə - Övladı olan hər kəsə XƏBƏRDARLIQ

Uşaqlarda ən gec aşkarlanan təhlükə - Övladı olan hər kəsə XƏBƏRDARLIQ
Sosial 70

Uşaqlara qarşı zorakılıq dedikdə çox zaman fiziki şiddət və ya cinsi istismar yada düşür. Lakin ən dərin izlər buraxan və çox vaxt illərlə aşkarlanmayan bir zorakılıq növü də var. Bu emosional zorakılıqdır.

Bu, uşağın bədənində deyil, ruhunda yaralar açır və onun şəxsiyyətini, özünə inamını və gələcək münasibətlərini kökündən sarsıda bilər.

Nervpotoloq, həkim Vüsalə Nuriyeva BAKU.WS-ə açıqlamasında bildirib ki, emosional zorakılıq uşağın duyğularına, özünə hörmətinə və psixoloji sabitliyinə zərbə vuran davranış və münasibətlər sistemidir.

Uşaqlarda ən gec aşkarlanan təhlükə - Övladı olan hər kəsə XƏBƏRDARLIQ

Bu, qışqırmaq və təhqir etmək kimi açıq formada da ola bilər, soyuqluq, laqeydlik və daimi tənqid kimi gizli formada da.

"Uşaq nevroloqu olaraq, müşahidələrimdən deyə bilərəm ki, ən gec aşkarlanan risk budur. Uşaqda müşahidə olunur:

Gecə qorxuları, çarpıntı, tiklər, davranış partlamaları, nitqdə geriçəkmə", - deyə həkim bildirib.

Niyə bu zorakılıq ən gec aşkarlanır?

Vüsalə Nuriyeva deyir ki, fiziki zorakılığın izləri bədəndə görünür, emosional zorakılıq isə ruhun dərin qatlarında gizlənir:

"Uşaq çox vaxt başa düşmür ki, onunla pis davranılır - o, bunu "sevginin bir forması" kimi qavrayır. Hətta bəzi valideynlər də öz davranışlarını zorakılıq kimi qəbul etmir, çünki "mən onun xeyrini istəyirəm" düşüncəsinə sığınırlar.

Tədqiqatlara görə, emosional zorakılığa məruz qalan uşaqların çoxu yeniyetmə və ya yetkin yaşda psixoloqa müraciət etdikdə bunun fərqinə varır. O vaxta qədər isə bu travma aşağı özünəqiymət, sosial qorxu, depressiya, aqressiya və münasibətlərdə güvənsizlik kimi nəticələrlə özünü göstərir".

Uşağı emosional zorakılıqdan necə qorumalı?

Həkim deyir ki, uşaqlara xüsusi diqqət və qayğı ilə yanaşmaq lazımdır:

"Sevgi və qəbul - Uşağın şəxsiyyətini, hisslərini, düşüncələrini qəbul edin. Sevgi şərtsiz olmalıdır.

Tənqidi deyil, dəstəyi seçin - Səhvlərini cəza ilə deyil, izahla düzəltməyə çalışın.

Diqqətlə dinləyin - Uşaq danışmaq istəyəndə onu yarımçıq kəsməyin, fikrini bölüşməsinə şərait yaradın.

Müqayisədən çəkinin - Hər uşaq fərqlidir, onu başqası ilə deyil, öz dünəni ilə müqayisə edin.

Öz emosiyalarınıza nəzarət edin - Əsəblərinizi uşağa yönəltməyin. Uşaq qorxudan deyil, anlayışdan öyrənir.

Peşəkar köməkdən çəkinməyin - Əgər uşaqda emosional pozğunluq və ya travma əlamətləri varsa, psixoloqla görüşmək vacibdir".

Ziya SƏCCAD

Son xəbərlər