Üç illik cəzalandırılan azərbaycanlı boksçu: "Ömrümü bu idmana həsr etmişəm"

Azərbaycan boksçusu Məsud Yusifzadə antidopinq qaydalarını pozduğu üçün 36 aylıq diskvalifikasiya edilməsinə münasibət bildirib.
BAKU.WS xəbər verir ki, o bu barədə report-a açıqlama verib.
Boksçu əvvəllər heç vaxt dopinqlə bağlı problem yaşamadığını vurğulayıb:
"6 yaşımdan boksla məşğul oluram, ömrümü bu idmana həsr etmişəm. İndiyə qədər Azərbaycan çempionatlarında uduzmamışam. 10 qat ölkə çempionuyam. Avropa, həmçinin dünya çempionatının qalibi və mükafatçısıyam. "İdman ustası" fəxri adına layiq görülmüşəm. Hər il Azərbaycan çempionatının finalından sonra dopinq yoxlanışı aparılır. Hətta elə olub ki, bir ay ərzində 3 dəfə evə gəlib məndən analiz götürüblər. Heç vaxt dopinqlə bağlı problem yaşamamışam. Ölkədən kənarda çıxış edəndə də Beynəlxalq Antidopinq Agentliyi (WADA) tərəfindən məndən dopinq testləri götürülüb və nəticələr normal olub. İndi belə qərar çıxarılması nə dərəcədə ədalətlidir?"
O, yarış zamanı ciddi zədələndiyi üçün test nümunəsi vermədən birbaşa xəstəxanaya yollandığını və bu səbəbdən sanksiya ilə üzləşdiyini bildirib:
"Azərbaycan birinciliyinin yarımfinalında qaşımdan ciddi zədə almışdım. Final döyüşünə keyləşdirici dərman vurub çıxmışdım. İkinci raunddan sonra məşqçimdən öyrəndim ki, xalı rəqibimə veriblər. Bu səbəbdən etiraz etdim və döyüşü yarımçıq saxladım. Üstəlik, zədələndiyim nahiyədən qan axırdı. Belə bir məqamda məni dopinq analizi götürmək üçün dəvət etdilər. Zədəmin ciddi olması səbəbindən test verməyə deyil, heç döyüş geyimimi dəyişmədən birbaşa xəstəxanaya yollandım. Yarama tikiş qoyub qanı dayandırdılar. Ertəsi gün sanksiya tətbiq edildiyini öyrəndim. Boks Federasiyasından heç kim danışmır. AMADA-nın ofisinə də getdim, hər şeyi anlatdım, amma faydası olmadı. Artıq məvacibimi də kəsiblər".
M.Yusifzadə cəzasının müddəti bitdikdən sonra yenidən boksa qayıtmaq niyyətində olduğunu söyləyib:
"Boksdan başqa heç nə bacarmıram. Yenidən qayıtmaq fikrindəyəm. 3 illik fasilədən sonra özümü hər kəsə sübut edib, ardından karyeramı bitirmək istəyirəm. Məşqləri hər gün davam etdirirəm. Məşq keçməyəndə sanki nəsə çatmadığını hiss edirəm, buna öyrəşmişəm".
Qeyd edək ki, M.Yusifzadə nümunə toplanmasından yayınma, imtina və nümunə təqdim etməməyə görə 36 aylıq cəzalandırılıb.
Oxşar xəbərlər
Aramsız yağan yağış Azərbaycanda gilasın məhsuldarlığını azaltdı
Əvəvlcə havaların soyuması sonra isə intensiv yağışların yağması məhsuldarlığa təsir edib. BAKU.WS Xezerxeber.az-a istinadən xəbər verir ki, İmişli rayonunda gi...
