Tullantı sularını düzgün idarə etməyənlər 12 500 manatadək cərimələnəcək

Tullantı sularını düzgün idarə etməyənlər 12 500 manatadək cərimələnəcək
Sosial 35

Azərbaycanda tullantı sularını düzgün idarə etməyənlərə 12 500 manatadək cərimə tətbiq olunacaq.

BAKU.WS bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinə (SİMDNX) istinadən xəbər verir.

Məlumatına görə, müəssisə və təşkilatların fəaliyyəti zamanı yaranan tullantı suların qanunvericiliyə uyğun idarə edilməməsi ətraf mühitə, xüsusilə su obyektlərinə ciddi təsir göstərdiyindən, bu sahədə nəzarət gücləndirilib və ictimai maarifləndirmə tədbirləri davam etdirilir.

Nazirlər Kabinetinin 30 avqust 2023-cü il tarixli, 295 nömrəli Qərarı ilə təsdiq olunmuş "Mərkəzləşdirilmiş kanalizasiya şəbəkələri olmayan ərazilərdə qeyri-yaşayış binalarından axıdılan çirkab sularının yığılacağı tikili və qurğulara dair Tələblər"ə əsasən, belə ərazilərdə formalaşan tullantı sular sukeçirməz divar və dibə malik çirkab quyularında (şambolarda) toplanmalı, bu tikililər kanalizasiya və xarici şəbəkələrə dair texniki normativ-hüquqi aktların tələblərinə uyğun inşa edilməlidir.

Sənaye müəssisələrinin tullantı sularında zərərli maddələrin konsentrasiyası daha yüksək ola bildiyindən, bu subyektlər suları lokal təmizləyici qurğularda təmizlədikdən sonra kənarlaşdırmalıdırlar. Bu halda tullantı suların axıdılacağı yer və tərkibindəki çirkləndirici maddələrin qatılıq həddi ADSEA ilə razılaşdırılmalıdır.

SİMDNX xəbərdar edir ki, tələblərə əməl edilmədikdə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq vəzifəli şəxslər 4 000 manatadək, hüquqi şəxslər isə 12 500 manatadək cərimə oluna bilər. Su mənbələrinin əhəmiyyətli dərəcədə çirkləndirilməsi hallarında isə Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyəti yaranır.

Qurumun açıqlamasında vurğulanır ki, su ehtiyatlarının azalması və iqlim dəyişikliyi fonunda tullantı sularının təmizlənməsi və düzgün idarə edilməsi təkcə hüquqi öhdəlik deyil, həm də mənəvi məsuliyyətdir; qaydalara riayət olunmaması isə regionda su qıtlığını və ekoloji riskləri daha da dərinləşdirə bilər.

Son xəbərlər