Toya görə qızıl almaq istəyənlər üçün VACİB XƏBƏR - QİYMƏTLƏR

Toya görə qızıl almaq istəyənlər üçün VACİB XƏBƏR - QİYMƏTLƏR
Açıqlama
Sosial 219

Son günlər Azərbaycanda qızıl zinət əşyalarının qiymətində nəzərəçarpacaq artım qeydə alınır. Dünya bazarlarında baş verən dəyişikliklər daxili bazara da təsirsiz ötüşməyib və bu, artıq zərgərlik mağazalarının vitrinlərində açıq şəkildə hiss olunur.

BAKU.WS-in əldə etdiyi məlumata görə, beynəlxalq bazarda qızılın bir qramının qiyməti son dövrdə təxminən 10-15 dollar yüksəlib. Qlobal qiymət artımı fonunda Azərbaycanda da qızıl məmulatlarının satış dəyəri bahalaşıb.

Bakıda fəaliyyət göstərən zərgərlər bildirirlər ki, qiymətlər son həftələrdə mərhələli şəkildə artıb. Paytaxtda qızıl alqı-satqısı ilə məşğul olan zərgər Aqil İsmayılov BAKU.WS-ə açıqlamasında deyib ki, ölkə bazarında ən çox tələbat olan 585 əyyarlı, alıcılar arasında "Türk qızılı" adı ilə tanınan zinət əşyalarının qramı hazırda 180–185 manat civarındadır.

Onun sözlərinə görə, alıcıların maraq göstərdiyi digər bir növ isə 750 əyyarlı italyan qızılıdır:

"Zərif işləməsi, müasir və estetik dizaynı ilə seçilən bu qızıl növünün qramı mağazalarda 250–260 manat aralığında təklif olunur və xüsusilə gənclər arasında populyarlığını qoruyur.

Bazarda ən yüksək seqmentə aid edilən 918 əyyarlı ərəb qızılı isə həm keyfiyyəti, həm də ağır çəkili və fərqli dizaynı ilə seçilir. Məlumata görə, bir müddət əvvəl qramı 240 manat olan ərəb qızılının qiyməti hazırda 270-280 manat səviyyəsinə yüksəlib".

Maraqlı məqamlardan biri də qızılın alış və satış qiymətləri arasındakı ciddi fərqdir. Belə ki, qızıl satmaq istəyən vətəndaşlardan alınan qiymətlər mağazalarda göstərilən satış dəyərlərindən xeyli aşağıdır. Hazırda 585 əyyarlı qızıl alıcılar tərəfindən qramı cəmi 141 manata qəbul edilir. Bu fərq isə bazarda həm satıcıların, həm də alıcıların diqqətini cəlb edən əsas mövzulardan birinə çevrilib.

Orxan Hüseyn

Son xəbərlər