Taleh Kazımov: "Yelobank" həm likvidlik, həm kapital adekvatlığı baxımından dayanıqlıdır"
Azərbaycan Mərkəzi Bankı (AMB) "Yelobank" ASC-nin Avropa İttifaqının 20-ci sanksiya paketində qeyd olunması ilə əlaqədar hər hansı problemin mövcudluğunu görmür.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov mətbuat konfransı zamanı bildirib.
Onun açıqlamasına əsasən, AMB bankla və maliyyə institutu ilə mütəmadi əlaqə saxlayır: "Hər hansı bir problem biz müşahidə etmirik. Bank yetərincə dayanıqlı mövqedədir, həm likvidlik, həm də kapital adekvatlığı baxımından. Heç bir mənfi gözləntimiz mövcud deyil".
T.Kazımov vurğulayıb ki, Avropa İttifaqı tərəfindən tətbiq edilmiş sanksiyalara görə ödəniş prosesində müəyyən çətinliklərin yarana biləcəyi istisna olunmur, lakin son həftələrdə bankla müvafiq ödənişlər həyata keçirilir və hər hansı bir problemlə üzləşilməyib: "Səbəblərin aydınlaşdırılması məqsədilə həm bank, həm də Mərkəzi Bank birgə və ayrı-ayrılıqda aidiyyəti qurumlara müraciət edib və bu prosesi hüquqi çərçivəyə gətirmək üçün addımlar davam etdiriləcək.
Ümid edirik ki, yaxın aylarda Avropa İttifaqı öz qərarını yenidən nəzərdən keçirərək dəyişəcək, çünki buna hər hansı bir əsas yoxdur. Həm beynəlxalq standartlara müvafiq olaraq, həm də ölkənin daxili qanunvericiliyinə uyğun şəkildə "Yelo Bank" və digər banklar barədə bütün hesabatlılıq tədbirlərimiz saytımızda açıq formada yerləşdirilir. Yəni heç bir problem müşahidə etmirik. Ola bilsin ki, müəyyən anlaşılmazlıq mövcuddur. Əvvəllər qeyd edilmişdi ki, bank Rusiya Federasiyasının SPFS sisteminə qoşulub. Lakin bu qoşulma bir neçə il əvvəl, Ukrayna-Rusiya münaqişəsindən öncə baş verib. Məsələ həmin sistemin istifadəsi ilə bağlıdır. Ola bilsin ki, bu sadəcə anlaşılmazlıqdır, biz bankda hər hansı bir problem görmürük".
Oxşar xəbərlər
Son dəqiqələrdə finala vəsiqə qazandı
ATV-nin "Kəlmə-Kəlməyə" meyxana şousunda ikinci finalçı da məlum olub. BAKU.WS xəbər verir ki, yarışmanın 2-ci finalçısını müəyyələndirmək üçün Fariz Zeynalov v...