Taksi sürücülərinin qeydiyyatında sənədlərin avtomatik yoxlanılması sistemi tətbiq olunub
Taksi sürücülərinin qeydiyyatında sənədlərin avtomatik yoxlanılması sistemi tətbiq olunub.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Mətbuat Xidməti məlumat yayıb.
Mətbuatda xidmətindən verilən məlumatda AYNA-nın taksi sifarişi bazarında şəffaflığın və təhlükəsizliyin artırılması məqsədilə yeni rəqəmsal həllin tətbiqinə başlanıldığını açıqlanıb.
"AYNA, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və taksi sifarişi operatorlarının iştirakı ilə "Digital Finance" layihəsinin icrasına start verilib. İRİA-nın dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində iki böyük taksi sifarişi operatorunda – Bolt və Uber/Yango platformalarında yeni rəqəmsal həll istifadəyə verilib. Yeni sistem taksi bazarında şəffaflığın artırılması, sənədlərin yoxlanılması prosesinin avtomatlaşdırılması, sürücülərə dair tələblərə nəzarətin gücləndirilməsi, eləcə də sərnişinlər üçün təhlükəsizlik və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyır. Layihə çərçivəsində operatorların mobil tətbiqlərində yeni sürücü qeydiyyatı zamanı "Xüsusi hazırlıq şəhadətnaməsi" və "Buraxılış kartı" məlumatlarının texnoloji həll vasitəsilə real vaxt rejimində avtomatik yoxlanılması təmin ediləcək. Bununla yanaşı, sürücülərin "Xüsusi hazırlıq şəhadətnaməsi" ilə bağlı məlumatlarının paylaşılması üçün onların "myGov" kabinetləri vasitəsilə razılıq vermələri tələb olunur. İndiyədək yeni sürücülərin qeydiyyatı zamanı "Xüsusi hazırlıq şəhadətnaməsi" və "Buraxılış kartı" məlumatlarının yoxlanılması taksi sifarişi operatorları tərəfindən əl ilə həyata keçirilirdi. Bu isə müvafiq sənədləri olmayan və tələb olunan təlimləri keçməyən şəxslərin sistemdə sürücü profili yaradaraq fəaliyyət göstərmələrinə şərait yaradırdı. Yeni inteqrasiya nəticəsində sözügedən sənədlərin mövcudluğu avtomatik qaydada yoxlanılacaq və tələb olunan icazə və sənədlərə malik olmayan şəxslər taksi sürücüsü kimi fəaliyyət göstərə bilməyəcəklər". - məlumatda qeyd olunur.
Oxşar xəbərlər
Alimlərdən ağcaqanadlarla bağlı maraqlı kəşf
Alimlər müəyyən ediblər ki, ağcaqanadlar insanları təsadüfi seçmir. Onlar bəzi insanları digərlərindən daha çox dişləyir. BAKU.WS xəbər verir ki, araşdırmalara...