Taksi sürücülərindən ŞİKAYƏT: "İki ünvan olanda sifarişi təsdiq etmirlər, avtomobil sürəndə filmə baxırlar"

Taksi sürücülərindən ŞİKAYƏT: İki ünvan olanda sifarişi təsdiq etmirlər, avtomobil sürəndə filmə baxırlar
Sosial 121

Şəhər sakinləri taksi xidmətlərindən istifadə zamanı sürücülərin davranışından narazıdırlar.

İddialara görə, bəzi taksi sürücüləri sifarişdə iki ünvan göstərildikdə gedişi qəbul etmir və ya sonradan imtina edirlər.

Bundan başqa, sürücülərin avtomobili idarə edərkən film və ya video izləməsi də sərnişinlərin təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq yaradır.

BAKU.WS xəbər verir ki, Oxu.Az-a müraciət edən Bakı sakini Samirə Feyziyeva (ad şərti verilib - red.) taksi sifariş edərkən bir neçə dəfə belə hal ilə rastlaşdığını söyləyib.

O bildirib ki, ötən həftə də "Bolt" tətbiqi vasitəsilə taksi sifariş edərkən sözügedən problem ilə rastlaşıb:

"Ötən həftə "Bolt"da taksi sifariş etdim. Tətbiqdə sürücülər bir neçə dəfə dəyişəndən sonra nəhayət biri təyin olundu. Lakin sifarişdə iki ünvan qeyd olunduğu üçün taksiyə oturduqda sürücü gileylənməyə başladı. Dedi ki, sizdə iki ünvan yazıldığını görməmişəm, sifarişdən imtina edə bilərəm? Səbəbini soruşanda isə ilk olaraq belə bir seçim hüququ olduğunu dedi, sonra qeyd etdi ki, iki ünvan olduqda gediş haqqı az olur. Mən ünvanı yazanda gediş haqqının 3 AZN-dən bir qədər artıq olduğunu, ikinci ünvanı əlavə edəndə də 5.1 AZN olduğunu dedim. Əslində, sifarişdə ünvanlar da yolüstü idi, harayasa fırlanmaq lazım deyildi. Nəm-nüm edəndən sonra sürücü yola davam etdi".

Sərnişin sürücünün nəqliyyat vasitəsini idarə etdiyi ərəfədə filmə baxmasını da qınayıb:

"İlk sərnişini düşürəndən sonra isə sürücü monitoru açıb türk filminə baxmaqla yola davam etdi. Bu, ani diqqət dağınıqlığında faciəvi nəticələr ilə sonlana bilər".

Məsələ ilə bağlı "Bolt" taksi şirkətindən qeyd olunub ki, sürücülər sifariş daxil olduğu zaman ekranda gediləcək ünvanların sayını və marşrutu əvvəlcədən görə bilirlər:

"Bu məlumata əsaslanaraq, onlar sifarişi qəbul edib-etməmək barədə qərar verirlər. Sərnişin avtomobilə mindikdən sonra sürücünün gedişi davam etdirməməsi üçün yalnız əsaslı və istisna hallarda səbəblər ola bilər. Lakin sifarişdə iki və ya daha çox ünvanın göstərilməsi bu səbəblərə aid deyil. Sürücü bu cür davranışı təkrar etdikdə onun hesabına müvafiq məhdudiyyətlər tətbiq olunur".

Şirkət əlavə edib ki, sürücü avtomobili idarə edərkən yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etməli və qəza riski yarada biləcək bütün davranışlardan çəkinməlidir:

"Avtomobili idarə edərkən diqqəti yayındıran fəaliyyətlər yol təhlükəsizliyinə ziddir. Bu cür şikayətlər təkrarlandıqda sürücünün hesabına müvəqqəti və ya daimi məhdudiyyətlər tətbiq edilə bilər.

"Bolt" sərnişinləri bu kimi hallarla qarşılaşdıqda tətbiq üzərindən ətraflı təsvirlə şikayət göndərməyə çağırır. Şikayətin tam və detallı şəkildə təqdim edilməsi Müştəri Dəstəyi komandasına vəziyyəti dərindən araşdırmaq, obyektiv qiymətləndirmək və bu cür halların təkrarlanmasının qarşısını almaq üçün müvafiq tədbirlər görmək imkanı yaradır".

Oxşar xəbərlər

Son xəbərlər