Taksi sürücüləri üçün ÜZTANIMA başladı – saxta profillərə qarşı yeni mərhələ!

Taksi sürücüləri üçün ÜZTANIMA başladı – saxta profillərə qarşı yeni mərhələ!
Sosial 178

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən taksi sifarişi operatorlarının sürücülər üçün istifadə etdiyi mobil proqramlarda üztanıma funksiyasının tətbiqi istiqamətində daha bir mühüm addım atılıb. SİMA rəqəmsal identifikasiya həlli artıq taksi sifarişi ötürülməsi üçün nəzərdə tutulmuş "Bolt", "Uber" və "Yango" mobil tətbiqinə inteqrasiya edilib.

AYNA-dan BAKU.WS-ə bildirilib ki, hazırda taksi sektorunda diqqət mərkəzində olan məsələlərdən biri qeydiyyatdan keçmiş avtomobildən fərqli nəqliyyat vasitəsilə xidmət göstərilməsi və sürücü profilinin başqa şəxslər tərəfindən istifadəsi hallarının mövcudluğudur. "Bolt", "Uber" və "Yango" tətbiqinə SİMA texnologiyasının inteqrasiyası bu kimi halların qarşısının alınması istiqamətində mühüm addımdır və effektiv nəzarət mexanizmi təqdim edir. Həmçinin sərnişinlərin təhlükəsizliyini təmin etmək və ictimai etimadı artırmaq baxımından da mühüm əhəmiyyət daşıyır.

İnteqrasiya nəticəsində artıq "Bolt", "Uber" və "Yango" mobil tətbiqi üzərindən sifariş alan sürücülər mobil tətbiqdə identifikasiyadan keçərkən SİMA-nın biometriya texnologiyası vasitəsilə şəxsiyyətlərini təsdiqləyəcəklər.

Bu funksionallıq bir neçə mərhələdə tətbiq olunur:

-Tətbiqə ilkin qeydiyyat zamanı;

-Sistemə yenidən daxil olduqda (re-login);

-Alqoritm əsasında gün ərzində bir neçə dəfə təsadüfi selfi yoxlamaları zamanı (sifariş tələbi gələn zaman, sifariş davam edirsə, sifarişin tamamlanması gözlənilir).

Bu texnologiyanın tətbiqi sürücülərin şəxsiyyətini real vaxt rejimində təsdiq etməklə qeyri-qanuni profil istifadəsinin qarşısını almağa, eləcə də ictimai təhlükəsizliyi artırmağa xidmət edir.

Qeyd edək ki, "AzInTelecom" MMC tərəfindən yaradılmış SİMA xidməti SİMA Rəqəmsal Həllər Platformasına daxildir və həm dövlət qurumlarına, həm də özəl sektora vətəndaşların şəxsiyyətini dəqiq şəkildə müəyyən etmək imkanı verir. Xidmət üz cizgiləri əsasında biometrik identifikasiya apararaq şəxsin kimliyini təsdiqləyir.

Son xəbərlər