Sürücünü yol verməməyə görə baltalayan şəxslə bağlı qərar açıqlandı
Ali Məhkəmədə qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən Faiq Məmmədovun barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.
BAKU.WS Pravda.az-a istinadən xəbər verir ki, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya protesti təmin edilməyib.
İttihama görə, Faiq Məmmədov 2023-cü ildə Mingəçevir şəhəri ərazisində avtomobillə hərəkətdə olarkən digər sürücü ilə yol hərəkəti qaydaları zəminində mübahisə edib və sonradan ona ağır xəsarət yetirib.
Belə ki, o, idarə etdiyi "Khazar" markalı avtomobillə Ş.İ.Xətai küçəsində hərəkətdə olarkən nəqliyyat vasitəsini yolun sağ zolağı deyil, orta zolağı ilə idarə edib. Bu zaman eyni istiqamətdə arxadan hərəkət edən "Mercedes-Benz" markalı avtomobilin sürücüsü, zərərçəkmiş Elvin Paşayev onun hərəkətinə etiraz olaraq səs siqnalından istifadə edib.
Bundan sonra tərəflər arasında mübahisə yaranıb. Faiq avtomobilini H.Əliyev prospektində, "Sənaye parkı"nın inzibati binasının qarşısında saxlayaraq nəqliyyat vasitəsindən düşüb. Onun hərəkətlərini görən zərərçəkmiş şəxs də avtomobilini yaxınlıqdakı avtobus dayanacağında saxlayaraq düşüb və tərəflər üz-üzə gəliblər. Təqsirləndirilən şəxs Elvinə yaxınlaşmaq üçün işarə edib. Sonra zərərçəkmiş ona yaxınlaşan anda avtomobilinin salonundan götürdüyü balta ilə qəfil hücum edib. Heç bir zorakılıqla qarşılaşmadığı halda Faiq Elvinin baş nahiyəsinə bir dəfə zərbə endirib.
Hadisə nəticəsində Elvin Paşayev açıq kəllə-beyin travması, alın sümüyünün açıq sınığı və subdural hematoma ilə müşayiət olunan, həyat üçün təhlükəli ağır xəsarətlər alıb.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Faiq Məmmədov Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.
Hökmdən verilmiş apellyasiya şikayətinə baxan Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə hökm qismən dəyişdirilib. Belə ki, məhkumun əməli ağır zərərvurma maddəsindən sağlamlığa az ağır zərərvurma maddəsinə tövsif edilib və ona 1 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.
Bundan sonra dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilib və Ali Məhkəmə iş üzrə apellyasiya qərarını ləğv edərək cinayət işini yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarıb.
İşə yenidən baxan Şəki Apellyasiya Məhkəməsi qəbul etdiyi qərarla əvvəlki mövqeyini qüvvədə saxlayıb. Məhkəmə kollegiyası Faiqin əməlini yenidən Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə tövsif edib və ona 1 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.
Eyni zamanda, Faiqin həmin cəzanı artıq çəkdiyi nəzərə alınaraq onun cəzasını çəkmiş hesab olunması barədə qərar qəbul edilib. Hökm digər hissələrdə dəyişdirilmədən saxlanılıb.
Sonuncu qərardan isə dövlət ittihamçısı tərəfindən yenidən kassasiya protesti verilib.
Oxşar xəbərlər
Gözəllik salonunda qadını öldürmək istədi - Məhkəmə işi
Bakıda qadın gözəllik salonunda tanışını öldürməyə cəhddə təqsirləndirilən Samir Həsənovun barəsindəki cinayət işi üzrə məhkəmə keçirilib. BAKU.WS oxu.az-a isti...