Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazə və ödənişlər kimlərə şamil edilmir?
Sentyabrın 1-dən qüvvəyə minmiş su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı tələblər və ödənişlər vətəndaşların gündəlik məişət ehtiyacları, şəxsi əkin-səpin fəaliyyəti və fərdi təsərrüfat məqsədilə sudan istifadəsinə şamil edilmir.
BAKU.WS xəbər verir ki, bu barədə ADSEA yanında Suların istifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti açıqlama yayıb.
Mövcud qaydalara əsasən, vətəndaşlar ümumi istifadədə olan və hər kəsin istifadəsi üçün açıq su obyektlərindən şəxsi ehtiyaclarını ödəmək məqsədilə sərbəst və ödənişsiz istifadə edə bilərlər.
Eyni zamanda, torpaq sahibləri öz ehtiyaclarını ödəmək məqsədilə onlara məxsus torpaq sahələrinin hüdudlarında mərkəzləşdirilmiş su təchizatı mənbəyi olmadıqda, birinci təzyiqsiz sulu horizonta quyuların qazılmasını və istismarını həyata keçirə bilərlər. Bu halda yeraltı suyun çıxarılması su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növlərinə aid edilmir.
Ailə kəndli təsərrüfatlarına münasibətdə də xüsusi istisna nəzərdə tutulur. "Ailə kəndli təsərrüfatı haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, ailə kəndli təsərrüfatı çərçivəsində həyata keçirilən fəaliyyət sahibkarlıq fəaliyyəti hesab edilmir. Bu səbəbdən kənd yerlərində şəxsi mülkiyyətdə olan və ya ailə kəndli təsərrüfatına verilmiş pay torpaqlarında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı zamanı su obyektlərindən istifadə üçün xüsusi məqsədlərlə istifadəyə dair icazə tələb olunmur.
Beləliklə, yeni qaydaların tətbiqi ailə kəndli təsərrüfatları üçün əlavə maliyyə və inzibati yük yaratmır. Ailə kəndli təsərrüfatları öz təsərrüfat fəaliyyətləri çərçivəsində sudan istifadəyə görə xüsusi icazə almaq və bununla bağlı ödəniş etmək öhdəliyi daşımırlar.
Tətbiq edilən icazə və ödəniş mexanizminin əsas məqsədi vətəndaşların gündəlik və şəxsi ehtiyacları üçün sudan istifadəsini məhdudlaşdırmaq deyil, su obyektlərindən xüsusi məqsədlər üçün istifadənin tənzimlənməsini, su ehtiyatlarının uçotunun aparılmasını və onlardan səmərəli istifadənin təmin edilməsini gücləndirməkdir.
Oxşar xəbərlər
Məşhur turizm şirkətinin rəhbəri Polşada həbs edildi
Azərbaycanın ən böyük turizm şirkətlərindən birinin rəhbəri Rövşən Abdullayev Polşada həbs edilib. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, şirkət rəhbə...