Skuter sürənlərin NƏZƏRİNƏ - Bu halda CƏRİMƏLƏNƏCƏKLƏR

Skuter sürənlərin NƏZƏRİNƏ - Bu halda CƏRİMƏLƏNƏCƏKLƏR
Açıqlama
Sosial 305

Son illərdə şəhər küçələrində səssizcə sürətlə yayılan bir nəqliyyat vasitəsi var – elektrik skuterləri. Rahatlığı və operativliyi ilə diqqət çəkən bu vasitələr artıq gündəlik həyatın bir hissəsinə çevrilsə də, onların yaratdığı təhlükələr getdikcə daha çox müzakirə olunur.

BAKU.WS-in məlumatına görə, piyadalar üçün gözlənilməz risk mənbəyinə çevrilən skuterlər yol hərəkətində yeni qaydalar və məsuliyyət məsələsini gündəmə gətirir.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli BAKU.WS-ə bildirib ki, son dövrlərdə ölkəmizdə küçə və prospektlərdə kiçik elektrik nəqliyyat vasitələrindən, xüsusilə skuterlərdən istifadə edən sürücülərin sayında artım müşahidə olunur. Belə nəqliyyat vasitələri səssiz və sürətli hərəkətinə görə piyadalar üçün daha çox risk hesab edilir:

"Qanunvericiliyə əsasən, skuter tipli kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulması məsuliyyət yaradır. Skuterlərin hərəkətinə park və həyət ərazilərində, yaşayış zonalarında, velosiped yollarında, habelə ümumi istifadədə olan avtomobil yollarında yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə yolun sağ kənar zolağı ilə icazə verilir.

Bu növ nəqliyyat vasitələrini idarə edərkən yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələbləri pozulursa, yaxud piyadaların hərəkətinə maneə yaranırsa, həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür.

Vətəndaşlara çağırış edərək bildiririk ki, belə kiçik nəqliyyat vasitələrini piyada səkilərində sürməkdən çəkinməli, həmçinin qoruyucu dəbilqə və digər təhlükəsizlik vasitələrindən istifadəyə diqqətlə yanaşmalıdırlar".

Qeyd edək ki, mövcud qanunvericiliyin tələblərinə əsasən kiçik elektik nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yollarında yolun sağ kənar zolağından başqa, digər zolaqlarla, eyni zamanda velosiped yolu olduğu halda, onun yanındakı yolla hərəkət etməsi qadağandır. Belə hal aşkarlandığı təqdirdə sürücü barəsində AR İXM-nin 338-ci maddəsinə uyğun olaraq 40 manat məbləğində cərimə nəzərdə tutulub.

Orxan Hüseyn

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər