Siqaret kötüyünü yerə atanlarla bağlı CƏRİMƏLƏR - Dünyada və Azərbaycanda

Siqaret kötüyünü yerə atanlarla bağlı CƏRİMƏLƏR - Dünyada və Azərbaycanda
Sosial 472

Ətraf mühitin qorunması və şəhər təmizliyinin təmin olunması müasir dövrün ən aktual məsələlərindəndir.

BAKU.WS-in məlumtına görə, bu baxımdan siqaret kötüklərinin yerə atılması xırda görünə bilsə də, əslində ciddi ekoloji və ictimai problem sayılır.

Təkcə şəhər görüntüsünü korlamır, eyni zamanda torpaq və suyun çirklənməsinə də səbəb olur. Bu səbəbdən bir çox ölkələrdə siqaret kötüyünü yerə atmaqla bağlı ciddi cərimələr tətbiq olunur və vətəndaşlardan bu qaydalara riayət etmələri tələb olunur.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli BAKU.WS-ə bildirib ki, respublikanın şəhər, rayon polis orqanları tərəfindən tütün məmulatlarından istifadə qaydasına riayət olunması ilə bağlı mütəmadi monitorinqlər keçirilir:

"Aidiyyəti qurumlarla birgə baş tutan tədbirlər zamanı fiziki və hüquqi şəxslər, fərdi sahibkarlar, eləcə də ümumi əhali arasında geniş izahat işləri aparılır. İctimai yerlərdə, bankomatların önündə, dayanacaqlarda, küçə və prospektlərdə, insanların sıx toplaşdığı ərazilərdə xüsusi ayrılmış yerlər istisna olmaqla siqaret çəkən şəxslər barəsində qanunvericiliyə uyğun olaraq inzibati tənbeh tədbiri tətbiq edilir.

Onu da qeyd edək ki, müəssisələrdə, idarələrdə, təşkilatlarda, görünən yerlərdə "Tütün çəkmək qadağandır" yazısının və ya işarəsinin olmasının təmin edilməməsi, həmçinin tütün məmulatları tullantılarının ətraf mühitə atılması da inzibati məsuliyyət yaradır. Belə hallara yol verən şəxslər polis əməkdaşları tərəfindən aşkar edildikdə barələrində inzibati protokol tərtib olunur. Tütün məmulatlarından yalnız urnaların yaxınlığında istifadə olunmalıdır ki, bu digər şəxslərin həyat və sağlamlığına zərər verməsin. Vətəndaşlara tövsiyə olunur ki, bu prosesə qoşularaq qanunamüvafiq qaydada tütün məmulatlarından istifadə ilə bağlı normalara əməl etsinlər".

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə görə, tütün məmulatlarını ətraf-mühitə atanlar 300 manat məbləğində cərimə olunurlar. Eyni zamanda bir il ərzində bu əməlin təkrar törədilməsinə görə 700 manat cərimə edilir və yaxud işin hallarına görə xətanı törədən vətəndaşın şəxsiyyəti nəzərə alınmaqla 60 saatdan 100 saata qədər ictimai işlər tətbiq olunur. 

Siqaret kötüyünü yerə atmağa görə müxtəlif ölkələrdə cərimələr tətbiq olunur.

Həmin ölkələrin bəzisini və cərimələrin məbləğini təqdim edirik:

ABŞ (Kaliforniya, Vaşinqton və s.)

Kaliforniyada yerə siqaret kötüyü atana ən azı 250 dollar, bəzi ştatlarda isə 500 dollar cərimə düşür.

Böyük Britaniya

Burada bu qaydanı pozan şəxs 80 funt sterlinq ödəyir. Təkrar olarsa, məhkəmə 2 500 funt-a qədər cərimə kəsə bilər.

Fransa (Paris)

2015-ci ildən etibarən siqaret kötüyünü yerə atanlara 68 avro cərimə tətbiq olunur. Bu qayda şəhər təmizliyi məqsədilə sərtləşdirilib.

Gürcüstan (Tbilisi)

Burada yerə siqaret kötüyü atan şəxslərə 80 lari (təqribən 18 ABŞ dolları) cərimə yazılır. Əgər bu hərəkət avtomobildən atılarsa, cərimə 100 lari olur.

Portuqaliya

2019-cu ildən etibarən yerə siqaret kötüyü atmaq 25–250 avro arası cərimə ilə nəticələnir.

Cənubi Koreya (Seul)

Cərimə məbləği 50 000 von-adəkdir (təxminən 40 ABŞ dolları). Şəhər bələdiyyəsi bu qayda ilə illər ərzində milyonlarla vəsait toplamışdır.

İsveçrə (Cenevrə)

Yerə siqaret kötüyü atana 100 İsveçrə frankı-na qədər cərimə yazıla bilər. Cenevrədə insanlara cib küllükləri də paylanır.

Avstraliya

Bəzi ştatlarda siqaret kötüyünə görə 769 avstraliya dolları (təqribən 520 ABŞ dolları) cərimə tətbiq edilir. Şirkətlər üçün bu cərimə 3 846 dollar-a qədər yüksəlir.

Orxan Hüseyn

Son xəbərlər