Səməd bəy Mehmandarovun anım günüdür

Səməd bəy Mehmandarovun anım günüdür
Sosial 38

Bu gün Azərbaycanın ilk hərbi naziri, artilleriya generalı Səməd bəy Mehmandarovun vəfatından növbəti ildönümü tamam olur.

1856-cı il oktyabrın 16-da Lənkəranda dünyaya gələn Səməd bəy ilk təhsilini Bakıda gimnaziyada alıb. 16 yaşında Sankt-Peterburqdakı II Konstantinovka Artilleriya Məktəbinə qəbul olunaraq hərbi karyerasının əsasını qoyub. 1875-ci ilin dekabrında podporuçik rütbəsinə yüksəlib və III dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif edilib.

Hərbi xidməti dövründə ardıcıl olaraq yüksək rütbələrə layiq görülən Mehmandarov 1890-cı ildə kapitan, 1898-ci ildə podpolkovnik, 1901-ci ildə polkovnik, 1904-cü ildə isə general-mayor olub. Rus-Yapon müharibəsində göstərdiyi igidliyə görə 1908-ci ildə artilleriya generalı rütbəsi alıb.

Birinci Dünya müharibəsi zamanı Varşava istiqamətində xidmət edən Səməd bəy 21-ci piyada diviziyasına komandanlıq edib. Lodz istiqamətində gedən döyüşlərdə onun rəhbərlik etdiyi hərbi birləşmə alman generalı Makenzonun qüvvələrinə qarşı uğur qazanıb. 1915-ci ildə korpus komandiri təyin olunan Mehmandarov 1917-ci ilə qədər Rusiya imperiyasının bütün ali hərbi ordenləri, eləcə də İngiltərə, Fransa və Rumıniyanın mükafatları ilə təltif olunub.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə – 1918-ci il dekabrın 25-dən etibarən Hərbi Nazir vəzifəsini icra edən general qısa müddətdə 30 minlik milli ordunun formalaşdırılmasına nail olub.

Ömrünün son illərini islam tarixi və fəlsəfəsinin öyrənilməsinə həsr edən Səməd bəy Mehmandarov 1931-ci il fevralın 12-də Bakıda vəfat edib. Onun adı Azərbaycan hərb tarixində mühüm yer tutur.

Son xəbərlər