Şabranda 14 yaşayış binası qəzalı vəziyyətə düşüb, icra hakimiyyəti təmir işlərinə başlanılacağını deyir
Şabran şəhərində 14 yaşayış binası qəzalı vəziyyətə düşüb, narahatlıq içində olan sakinlər təmir işlərinin aparılmasını gözləyir.
BAKU.WS xəbər verir ki, bununla bağlı report-a müraciət edən həmin binaların sakinləri xeyli vaxtdır həyati risklə üz-üzə qaldıqlarını bildiriblər.
Onların sözlərinə görə, Şabran şəhərində ötən əsrin əvvəllərində inşa edilmiş, hazırda isə istismar müddətini tam başa vurmuş yaşayış binaları sakinlər üçün ciddi təhlükə mənbəyinə çevrilib. Şəhərin Nizami küçəsi ilə dəmiryolu xətti arasında yerləşən həmin 14 binanın sakinləri hər gün uçmaq təhlükəsi olan mənzillərdə qorxu içində yaşayırlar. Təqribən üç həftə əvvəl mənzillərdən birində tavanın çökməsi nəticəsində bir nəfərin xəsarət alması narahatlığı daha da artırıb.
Sözügedən binalardan birinin sakini Ağamalı Quliyev tavanın çürüməsi səbəbində yağış sularının evin içinə axdığını, bu şəraitdə yaşamağın artıq mümkünsüz olduğunu deyib:
"1947-48-ci illərdə tikilmiş bu binalar əvvəl dəmir yolu idarəsinin, sonra isə rayonun balansında olub. Binaların dam örtüyü dağılıb, divarlar çürüyüb, qar-yağın mənzilin içinə yağır".
Digər sakin İsa İsayev də yaşadığı binanın yararsız və riskli vəziyyətə düşdüyünü bildirib:
"Köhnə binalardır, çox hissəsi taxtadan ibarətdir. Onlar da çürüyüb, hara toxunursansa, qopub düşür".
Sakin Qoçəli Məmmədov köhnə binaların təmirində keyfiyyətsiz materiallardan istifadə edildiyini söyləyib:
"Divarların təmirində qırmızı kərpic işlədilsə də, dam örtüyünün təmiri başdansovdu aparılıb. Şifer dəyişdirilib, amma onun altındakı taxtalar çürüyüb, dağılır".
Qəzalı binada qorxu içində yaşadıqlarını deyən sakin Qızqayıt Musayeva hər an uçqun baş verə biləcəyindən ehtiyatlanır:
"Bina sanki uçurum kənarındadır, belə yerdə bir gün qalmaq olmaz. Qorxudan məcbur olub uşaqlarımı kirayə evə köçürdüm. Bu problemi tezliklə həll etmək lazımdır. Ya bu binaları söküb yerində təzələrini tiksinlər, ya da sakinlərə başqa ərazidə ev versinlər".
Yaranmış problemlə bağlı Şabran Rayon İcra Hakimiyyətinin şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Orxan Kərimov "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirib ki, rayon ərazisində 1909–1954-cü illərdə inşa edilmiş 14 ədəd iki mərtəbəli, 12 mənzilli yaşayış binası mövcuddur. Bu binaların istismar müddəti artıq başa çatıb və onların yeniləri ilə əvəz olunması prioritet məsələdir:
"Hazırda bu istiqamətdə müvafiq hazırlıq işləri aparılır. O binalarda birinci və ikinci mərtəbənin arakəsmə aşırımları taxta konstruksiyadan inşa olunub. Şabran şəhəri ərazisində 12 ədəd Nizami küçəsində, 2 ədəd isə Tofiq Abbasov küçəsində istismar müddətini tamamilə başa vurmuş belə binalar var. Bu binaların dam örtüklərində Rayon İcra Hakimiyyəti tərəfindən müxtəlif illərdə təmir işləri aparılsa da, binaların özülündə və daxilində ümumi konstruksiyada boşalmalar olduğu üçün nəticədə belə qəza halları baş verir. Qeyd edim ki, bu il Şabran Rayon İcra Hakimiyyəti tərəfindən altı yaşayış binasının təmiri planlaşdırılır".
Qalereya
Oxşar xəbərlər
Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! - Maaş 1250 AZN-dək
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən irimiqyaslı yenidənqurma və inkişaf proqramları bölgədə əmək bazarının da canlanmasına səbəb olub. Aparılan la...