Şabran sakinlərinin bitməyən SU DƏRDİ: "Xəstəlik mənbəyidir"
Şabran rayonunun Gəndov kəndinin sakinləri illərdir içməli su problemi ilə üzləşdiklərini bildirirlər.
Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlərin sözlərinə görə, yaşayış məntəqəsinin bir hissəsi içməli su ilə təmin olunsa da, əksər ərazilərdə insanlar su qıtlığından əziyyət çəkirlər.
Onlar bildirirlər ki, kənddə iki su anbarı olsa da, yalnız biri fəaliyyət göstərir.
"Ağ lilli sudur, çəlləklərə yığıb durultduqdan sonra istifadə edirik. Bu da xəstəlik mənbəyidir. Ayda üç maşın su alıram, hər dəfə 50 manat verirəm", - deyə sakinlərdən biri narazılığını ifadə edib.
Məsələ ilə bağlı Şabran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən bildirilib ki, müraciət əsasında əraziyə baxış keçirilib və su şəbəkəsində müəyyən qüsurlar aşkarlanıb.
Qeyd olunub ki, 1000 kubmetrlik su anbarının divarında çat yarandığı üçün həmin anbar istismar olunmur və hazırda yalnız bir anbar fəaliyyət göstərir.
Bildirilib ki, anbarın mühafizə çəpərinin olmaması və təmirə ehtiyac yaranması ilə bağlı smeta hazırlanaraq baş idarəyə təqdim edilib. Layihələndirmə işləri başa çatdıqdan və maliyyə vəsaiti ayrıldıqdan sonra təmir işlərinin həyata keçiriləcəyi, bundan sonra kənddə içməli su probleminin aradan qaldırılmasının nəzərdə tutulduğu vurğulanıb.
Oxşar xəbərlər
Biləsuvarda dəhşətə gətirən mənzərə: "Xəstəlikdir, belə yaşayış olar?!"
Biləsuvar rayonunun Həzi Aslanov küçəsində antisanitariya vəziyyəti sakinlərin narazılığına səbəb olub. Sakinlər Baku TV-nin qaynar xəttinə müraciət edərək bild...