Rüşvətdə ittiham olunan keçmiş müstəntiq yenidən məhkəmə qarşısında

Rüşvətdə ittiham olunan keçmiş müstəntiq yenidən məhkəmə qarşısında
Sosial 57

Bakıda dələduzluq və rüşvət verməyə təhrik etmədə təqsirləndirilən Müşfiq Abbasovun barəsindəki hökmdən kassasiya şikayəti verilib.

BAKU.WS pravda.az-a istinadən xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası mayın 16-na təyin edilib.

Qeyd edək ki, M.Abbasov dələduzluq və rüşvət verməyə təhriketmə əməllərində təqsirləndirilir.

İttihama görə, M.Abbasov 12 iyun 2014-cü il tarixindən 11 sentyabr 2017-ci il tarixinə kimi Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirməklə külli miqdarda zərər vurma, təkrar dələduzluq, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətlərə görə, birbaşa yolla özü vasitəsilə maddi nemətin vahid niyyətlə rüşvət qismində verilməsinə qeyrilərini təhrik edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib. M.Abbasov məhkəmə zalında həbs edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti qismən təmin edib, hökm dəyişdirilib.

Belə ki, hökmdən Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən, Səbail Rayon Məhkəməsinin 06 dekabr 2017-ci il tarixli hökmü ilə ona təyin edilmiş şərti məhkumetmə ləğv edilib və həmin məcəllənin 67.1-ci maddəsinin tətbiqinə dair müddəalar xaric olunub. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb.

Bu qərardan isə dövlət ittihamçısı kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini istəyib.

Məhkum və onun vəkili isə kassasiya şikayəti verərək hüquqlarını müdafiə etdiyi şəxsin barəsindəki həmin qərarın ləğv edilməsini və müvəkkili haqqında bəraət hökmünün çıxarılmasını xahiş edib.

Ali Məhkəməsinin qərarı ilə kassasiya şikayəti təmin edilməyib, kassasiya protesti isə təmin olunub.

Belə ki, Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qərarı ləğv olunub, cinayət işi yeni apellyasiya baxışına təyin edilib, qərar qalan hissədə dəyişdirilmədən saxlanılıb.

Xatırladaq ki, M.Abbasov 11 sentyabr 2017-ci ildə yol verdiyi nöqsanlara görə prokurorluq orqanlarından xaric olunub. Səbail Rayon Məhkəməsinin 6 dekabr 2017-ci il tarixli hökmü ilə dələduzluq, vəzifə səlahiyyətlərini aşma cinayətlərini törətməkdə təqsirli bilinərək 2 il 6 ay müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il 6 ay müddətinə azadlıqdan etmə cəzasına məhkum olunub. Hökmlə ona Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilməklə 3 il sınaq müddəti ilə həmin cəzaya şərti məhkum edilib.

Onu da qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsinin digər qərarına əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti qismən təmin edilib. Bildirilib ki, M.Abbasov zərərçəkmiş şəxslərlə barışdığından və dəymiş ziyanı tamamilə ödədiyindən, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən onun barəsində Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə cinayət təqibinə xitam verilib və təqsirləndirilən şəxs həmin maddələr üzrə cinayət məsuliyyətindən azad olunub. M.Abbasova Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib, həmin cəza Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Səbail Rayon Məhkəməsinin 06 dekabr 2017-ci il tarixli hökmü ilə üzərində saxlanılmış 4 il 1 ay 24 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə onun üzərində qəti olaraq 4 il 3 ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

Son xəbərlər