Qardabani rayonunun Muğanlı kəndində unikal Novruz karnavalı

Gürcüstanın Qardabani rayonunun Muğanlı kəndində Novruzun gəlişi fərqli və unudulmaz mərasimlə qeyd edilir.
BAKU.WS report-a istinadən xəbər verir ki, burada bayram yalnız tonqal qalanmaqla, yumurta döyüşdürməklə və şirniyyat paylamaqla yekunlaşmır.
Kənd sakinlərinin inancına görə, əgər martın 21-də Novruzu qeyd etdikdən sonra martın 22-i bayram şənliklərinə xüsusi karnavalla yekun vurulmasa, Novruz tam başa çatmış hesab edilmir. Muğanlıda bəlkə də yüz illərdir davam edən bu ənənə indi daha çox diqqət çəkir və maraq doğurur.
Kənddə Novruz Karnavalı Necə Başlayır?
Mart ayı başlayandan kəndin cavanları müxtəlif maskalar taxaraq küçələrdə dolaşır. Onlar insanlara baharın gəlişini xəbər verib, bayram hazırlıqlarına başlamağın vacibliyini xatırladırlar. Mart 21-də Novruz bayramı qeyd edildikdən sonra, martın 22-də sübh tezdən kənd meydanında hazırlıqlara başlanılır. Meydan bəzədilir, milli musiqilər səsləndirilir və kənd sakinləri, qonaqlar bayram yerinə toplaşmağa dəvət olunur.
Şahın Gəlişi və Qışın Məğlubiyyəti
Bayramın ən maraqlı hissəsi isə kəndin xüsusi seçilmiş kişilərinin maskalanaraq müxtəlif obrazlara bürünməsidir. Karnaval iştirakçıları öncədən bir evdə toplaşaraq hazırlaşır. Onların arasında şah obrazı xüsusi yer tutur. Şah qışı, onun ordusu isə qışın sərtliyini təmsil edir.
Meydana daxil olan şah və ordusu kənd sakinlərinə qışın sərtliyini hiss etdirir. Onlar rəmzi olaraq insanlardan xərac alır, ödəməyənləri isə simvolik şəkildə cəzalandırırlar. Amma bu, kimsəni incitmir, əksinə, şən bir oyuna çevrilir. Toplanan vəsait isə kəndin ehtiyaclarına sərf olunur.
Gəlin və Bəy: Yazın Rəmzi Qələbəsi
Şah və ordusu meydanda əyləncələr təşkil etdikdən sonra növbə gəlini atlandırmağa çatır. Gəlin və bəy meydanda təntənəli şəkildə qarşılanır. Onlar yazın gəlişini, bolluq və bərəkəti simvolizə edirlər. Şahın taxtına əyləşən gəlin meydanda toplaşan insanlara şirniyyat səpir. Bu, artıq yazın qışa qalib gəldiyini və bolluq-bərəkətin qapıda olduğunu bildirir.
Daha sonra gəlin və bəy taxtdan düşür, bununla da karnaval başa çatır.
Qonaqpərvərlik və Bayramın Ruhu
Muğanlı kəndində bayram günü qonaq gələnlər xüsusi hörmətlə qarşılanır. Qaydalara görə, heç kim sübh tezdən yemək yemədən karnavala buraxılmır. Kəndin imkanlı insanları bu mərasimin təşkilində xüsusi dəstək göstərir, hər kəsin yüksək əhval-ruhiyyədə bayramı qeyd etməsi üçün çalışırlar.
Muğanlı Novruz karnavalı nəinki Gürcüstanda, hətta bütün türk dünyasında unikal bir adət kimi diqqət çəkir. Yazın gəlişi burada yalnız təbiətin oyanışı deyil, həm də bir əsrlik ənənənin coşqusu ilə qarşılanır.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanın U-21 millisinin baş məşqçisi: İlk oyunda qələbə qazanmaq hamımızı sevindirdi
"İlk oyunda qələbə qazanmaq hamımızı sevindirdi". BAKU.WS report-a istinadən xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının...
