Piyadaların işini çətinləşdirən piyada keçidləri - FOTO

Gündəlik həyatımızda istər nizamlanan, istərsə də nizamlanmayan piyada keçidləri mühüm rol oynayır.
Bəs paytaxt keçidlərində vəziyyət nə yerdədir? Piyadaların təhlükəsiz şəkildə hərəkəti üçün nəzərdə tutulan keçidlərdən rahat istifadə etmək mümkündürmü?
BAKU.WS əməkdaşı şəhərin bir neçə məntəqəsində olaraq piyada keçidlərindəki vəziyyətə diqqət yetirib.
Görünən mənzərə heç də ürəkaçan olmayıb. Baş çəkdəyimiz əksər piyada keçidlərində piyadaların sərbəst hərəkət etməsində problem var idi. Ya piyada keçidinin yaxınlığında obyekt qurularaq oradakı hərəkət çətinləşib, yaxud da avtomobillər piyada keçidini zəbt ediblər.
Mövzu ilə bağlı nəqliyyat eksperti, hüquqşünas Ərşad Hüseynovla əlaqə saxladıq. Ekspert bildirir ki, piyadaların keçidlərə qarşı etinasızlığı, intizamsızlığı qəzalara və insan ölümünə səbəb olur.
‘‘Cəmiyyət olaraq son illərə nisbətən piyada keçidlərinə qarşı daha diqqətli və intizamlı yanaşırıq. Qəzaların qarşısının alınması və təhlükəsizliyi təmin etmək üçün süni maneələrin rolu çox böyükdür. Hətta bəzi ölkələrdə piyada zolaqlarının rəngi müxtəlif və gözəçarpandır.
Amma bizim bəzi küçələrdə piyada xətləri silinmiş və yararsız haldadır. Bu da günün istənilən saatında təhlükə yarada bilər. Onu da deyim ki, mümkün olduğu qədər piyada keçidlərini siqnallaşdırmaq və işıqlandırmaq lazımdır.
İzləri silinmiş piyada zolaqlarına da diqqət göstərərək yararlı hala gətirmək lazımdır. Əksər qəzalarda sürücüləri günahlandırırıq. Ancaq sürücü həmişə günahkar deyil.

Diqqətli araşdırmalar aparıldıqda görürük ki, qəzaların 60-70%-i piyadaların, 30-40%-i isə sürücülərin səhlənkarlığı ucbatından baş verir. Həmçinin nizamlanmayan piyada keçidlərində həm piyadalar, həm də sürücülər diqqətli olmalıdır”.
Keçidlərdən istifadə ilə bağlı vətəndaşların da fikirlərini öyrəndik. Bakı şəhər sakini Səkinə İsmayılova bildirir ki, mərkəzi küçələrdə yerləşən keçidlərdə nadir hallarda problemlərlə üzləşir.

Səkinə xanım deyir ki, məktəblərin yaxınlığında silinən piyada keçidləri və nişanların olmaması həm şagirdlərə, həm də valideynlərə təhlükə yaradır. Lökbatan qəsəbə sakini Gülşən Hüseynova isə tam əksini bildirir. Onun sözlərinə görə, qəsəbələrdə vəziyyət ürəkaçan deyil.
Sürücülər çox vaxt piyada zolaqlarında maşın saxlamaqla hərəkəti təhlükəli hala salaraq istiqamətini məhdudlaşdırırlar. Qəsəbə sakini onu da qeyd edir ki, problemlərlə daha çox PİK saatda üzləşirlər.

Ümid edirik ki, vaxt keçdikcə hərəkət iştirakçıları piyada keçidlərindən düzgün istifadə edəcəklər.
Qalereya
Oxşar xəbərlər
DYP piyadalara xəbərdarlıq edib
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyadalara xəbərdarlıq edib. BAKU.WS xəbər verir ki, BDYPİ-dən daxil olan xəbərdarlıqda deyilir: "Yəqin ki, çoxlarımız avt...
