Paytaxtın məşhur gölü təhlükə altındadır: Tullantılar ekosistemi məhv edir - VİDEO
Paytaxtın istirahət məkanlarından birinə çevrilməsi planlaşdırılan Qanlı Gölün ətrafı heç də ürəkaçan vəziyyətdə deyil. Müşahidələr göstərir ki, sahilboyu ərazi tullantılarla çirkləndirilib. Bu isə həm təbiətə ziyan vurur, həm də gölün ekoloji vəziyyətini daha da pisləşdirir.
Qanlı Göl ətrafında bulvar salınması layihəsi şəhərin ekoloji vəziyyətini və estetik görünüşünü yaxşılaşdırmağı hədəfləyir. Layihəyə əsasən ərazinin bir hissəsində müəyyən işlər görülür. Lakin bir neçə metr aralıqda sahilboyu ərazinin zibilliyə çevrilməsi görülən işlərin fonunda ziddiyyətli mənzərə yaradır.
AzTV çəkiliş zamanı göldə balıq tutan insanlarla da rastlaşıb. Həvəskar balıqçılar bildirirlər ki, sahilboyu ərazidə tullantıların yığılması həm balıqlara, həm də torpaq örtüyünə ciddi zərər vurur.
Onların sözlərinə görə, gölün təmizliyinin qorunması hər kəsin borcudur:
"Buraya heç kim zibil atmamalıdır. Əgər burada mənzil almısınızsa və yaşayırsınızsa, bu ərazini qorumaq da sizin məsuliyyətinizdir. Deyərdim ki, burada yaşayanların böyük əksəriyyəti mənzili məhz bu gölün yaxınlığına görə alıblar. O halda gölü də qorumalıdırlar".
Ətraf ərazidə yaşayan sakinlər də nəzarətin gücləndirilməsini və müntəzəm təmizlik işlərinin aparılmasını vacib hesab edirlər. Onların fikrincə, ərazidə müşahidə kameralarının quraşdırılması bu kimi halların qarşısını almağa kömək edə bilər.
Sakinlər bildirirlər ki, ətraf mühitin çirklənməsi həm estetik baxımdan xoşagəlməz mənzərə yaradır, həm də insan sağlamlığı üçün risklidir:
"Belə mühit kimə xeyir verə bilər? Zibil olan yerdə mikroblar, parazitlər yaranır. Bu həm görünüş baxımından pisdir, həm də sağlamlıq üçün təhlükəlidir. İnsanlar özləri də düşünməlidirlər ki, bu cür davranış sağlamlığa zərər vurur".
Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətindən bildirilib ki, Qanlı Göl və ətraf ərazi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin balansında olmasa da, ərazidə vaxtaşırı təmizlik işləri aparılır. Qurumdan verilən məlumata görə, yaxın müddətdə mövcud zibillik də təmizlənəcək.
Oxşar xəbərlər
AYNA: Naxçıvanla İğdır arasında sərnişindaşıma ödənişsiz həyata keçirilir
Naxçıvan Beynəlxalq Hava Limanında uçuşlar müvəqqəti dayandırıldığından Azərbaycan vətəndaşlarının paytaxtdan Naxçıvana və əks istiqamətə səfərlərini təşkil etm...