Pandemiyadan zərər çəkmiş sahibkarların məlumatlandırılması üçün onlayn tədbirlərə başlanıb
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi tədbirləri barədə sahibkarların məlumatlandırılması üçün onlayn maarifləndirmə tədbirlərinə başlayıb.
KOBİA-dan BAKU.WS-ə bildirilib ki, ilk belə onlayn tədbir pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin dövlət tərəfindən ödənilməsi mövzusuna həsr olunub.
Onlayn tədbir çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və KOBİA-nın nümayəndələri pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinin muzdlu işçilərinə əməkhaqqının ödənilməsi prosesi barədə məlumat verib, sahibkarları maraqlandıran sualları cavablandırıblar.
Onlayn tədbir KOBİA-nın "Facebook" səhifəsi (https://www.facebook.com/smb.gov.az) üzərindən birbaşa yayımlanıb.
Məlumat verilib ki, pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində çalışan 300 min muzdlu işçinin (əmək müqaviləsi olan) əmək haqlarının müəyyən hissəsinin ödənilməsi üçün sahibkarlara dövlət tərəfindən 215 milyon manat maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur. Qeydiyyatda olan bütün vergi ödəyiciləri İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) şəxsi kabinetində “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” bölməsindən “Əmək ödənişləri üzrə müraciət” alt bölməsinə daxil olmaqla müraciət formasını elektron qaydada doldurmalıdır. Sistem tərəfindən uyğunsuzluq aşkar edilmədikdə qısa müddət ərzində işçilərə ödənilməli olan əməkhaqqının və ona müvafiq sosial sığorta haqlarının müəyyən hissəsi işəgötürənlərin bank hesablarına köçürülür. Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi zamanı ölkə üzrə orta aylıq əməkhaqqı (712 manat) əsas götürülür. Vergi ödəyicilərinə ödəmələr aprel və may ayları daxil olmaqla 2 mərhələdə aparılacaq.
Aprelin 16-da, saat 15.00-da isə koronavirus pandemiyasından zərər çəkmiş fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi barədə onlayn tədbir təşkil olunacaqdır. Sahibkarlar qeyd olunan saatda KOBİA-nın "Facebook" səhifəsinə qoşulmaqla onlayn tədbiri izləyə və onları maraqlandıran sualları verə bilərlər.
Qeyd: KOBİA ölkə üzrə xüsusu karantin rejiminin elan edildiyi 24 mart tarixindən etibarən kiçik və orta sahibkarlara onlayn xidmətlər göstərir (012 404-04-01, 131 Çağrı Mərkəzi, [email protected] və s.), pandemiyadan zərər çəkmiş sahibkarları Azərbaycan hökuməti tərəfindən görülən tədbirlər barədə məlumatlandırır, onları maraqlandıran sualları cavablandırır.
Oxşar xəbərlər
Nazir: “Qəbul edilmiş dəstək proqramları iş yerlərinin saxlanmasına yönəlib” - VİDEO
Nazirlər Kabinetinin koronavirus pandemiyası ilə əlaqədar sahibkarlıq subyektlərinə mənfi təsirin azaldılması ilə məqsədilə qəbul etdiyi Tədbirlər Planına əsasə...