Oruc tutanların ən çox verdiyi suallar - İlahiyyatçıdan ətraflı izah
Hər il Ramazan ayı başlayanda orucluqla bağlı suallar yenidən gündəmə gəlir. Kimlər oruc tutmalıdır? Hansı hallarda oruc vacib sayılmır? Orucu pozan əməllər hansılardır?
BAKU.WS mövzu ilə bağlı suallara aydınlıq gətirmək üçün ilahiyyatçı Fərid Abdullanın fikirlərini ümumiləşdirərək təqdim edir:
Ramazan ayının mahiyyəti və orucun fəlsəfəsi
Ramazan hicri-qəməri təqvimin doqquzuncu ayıdır və İslamda xüsusi məqam daşıyır. Bu ayda oruc tutmaq müsəlmanlara vacib buyurulub. Ramazan həm də ibadət, mənəvi saflaşma və özünüislah ayı kimi qəbul edilir. İslam mənbələrində bu ay "Allahın ayı" adlandırılır və möminlərin ilahi rəhmətə daha çox yaxınlaşdığı dövr sayılır.
Orucun əsas məqsədi sadəcə ac və susuz qalmaq deyil. Qurani-Kərimdə bildirildiyi kimi, oruc insanın təqvalı olmasına, yəni özünü nəzarətdə saxlamasına xidmət edir. Bir ay boyunca insan gündəlik həyatına nizam-intizam gətirir, pis vərdişlərdən uzaqlaşmağa çalışır, xeyirxah əməllərə üstünlük verir və mənəvi inkişaf yoluna qədəm qoyur. Ramazanda Quran oxumaq və ibadətə daha çox vaxt ayırmaq xüsusilə tövsiyə olunur.
Kimlər oruc tutmaya bilər?
İslam qaydalarına görə, fiziki cəhətdən oruc tutmağa gücü çatmayan şəxslər bu ibadətdən azaddırlar. Yaşlı və səhhətinə görə oruc ona ağır gələn insanlar, doğuşa yaxın olan hamilə qadınlar, həmçinin oruc tutması özünə və ya körpəsinə zərər verə biləcək süd verən analar istisna hesab olunur. Ümumi meyar budur: əgər oruc insanın sağlamlığına real təhlükə yaradırsa və ya ciddi əziyyətə səbəb olursa, həmin şəxsə oruc vacib sayılmır.
Orucu pozan hallar hansılardır?
Sübh azanından məğrib azanına qədər oruc tutan şəxs müəyyən əməllərdən çəkinməlidir. Əks halda oruc batil olur. Bunlara daxildir:
Qəsdən yemək və içmək
Cinsi münasibət
Masturbasiya
Allaha, Peyğəmbərə və müqəddəs şəxslərə bilərəkdən yalan isnad vermək
Qatı tozu və ya tüstünü qəsdən boğaza çatdırmaq
Sübh azanına qədər cənabət, heyz və ya nifas halında qalmaq
Axıcı maddələrlə imalə etmək
Qəsdən qusmaq
Bəzi məsələlər, məsələn, başı tam suya batırmaqla bağlı isə alimlər arasında fərqli yanaşmalar mövcuddur.
Oruc vaxtı səfərə çıxmaq olarmı?
Şəri qaydalara görə, səfərdə olan və dörd rəkətli namazı iki rəkət qılan şəxs oruc tutmamalıdır. Lakin sırf orucdan yayınmaq niyyəti ilə səfərə çıxmaq düzgün sayılmır. Əgər insan oruclu halda səfərə çıxarsa, müəyyən məsafəni keçdikdən sonra müsafir hökmü ona aid edilir. Zöhr namazından sonra səfərə çıxan şəxs həmin günün orucunu tamamlamalıdır. Zöhrdən əvvəl səfərə çıxan isə müəyyən həddi keçdikdən sonra orucunu poza bilər.
Oruc yalnız ac qalmaqdırmı?
İlahiyyatçılar vurğulayırlar ki, orucun mərhələləri var. Ən aşağı səviyyə yalnız orucu batil edən əməllərdən çəkinməkdir ki, bu da vacib hissədir. Daha yüksək mərhələdə insan təkcə mədəsini deyil, gözünü, dilini, qulağını və digər üzvlərini də günahdan qoruyur. Ən ali mərhələdə isə insanın düşüncəsi və qəlbi də saflaşır. Bu isə artıq mənəvi kamillik mərhələsidir və hər kəsin səviyyəsinə görə dəyişir.
Namaz qılmayan şəxs oruc tuta bilərmi?
Cəmiyyətdə tez-tez belə bir fikir səslənir ki, namaz qılmayan və ya dini qaydalara tam əməl etməyən şəxs oruc tuta bilməz. Lakin dini baxımdan namaz, oruc və digər ibadətlər ayrı-ayrılıqda vacib əməllərdir. Bir ibadətin yerinə yetirilməməsi digərinin qəbul olunmasına avtomatik maneə yaratmır. Buna görə də namaz qılmayan şəxs də oruc tuta bilər və bu ibadəti yerinə yetirməsi təşviq olunur.
Ramazan ayı hər kəs üçün mənəvi yenilənmə fürsətidir. Əsas məqsəd yalnız fiziki pəhriz deyil, daxili saflaşma və öz üzərində işləməkdir.
Oxşar xəbərlər
Son bir ildə Naftalan Reabilitasiya Mərkəzində əlilliyi olan 5 400-dən çox şəxsə xidmət göstərilib
Son bir ildə Naftalan Reabilitasiya Mərkəzində əlilliyi olan 5400-dən çox şəxsə reabilitasiya xidmətləri göstərilib. BAKU.WS xəbər verir ki, bunu Əmək və Əhalin...